BAKI, 9 yanvar — Sputnik. Türkiyə hüquq mühafizə orqanları Samsun şəhəri yaxınlığında gəminin qəzaya uğraması faktı ilə bağlı cinayət işini başladıblar. Sputnik Azərbaycan "UNN"-a istinadən xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Andrey Sibiqa bildirib.
"İnsan ölümü ilə nəticələnən faciə ilə əlaqədar cinayət işi başladılıb" – deyə Sibiqa qeyd edib.
O, həmçinin bildirib ki, qəza nəticəsində gəmidə olan şəxslər şahid qismində dindirilib.
Bu arada Qara dənizdə batan "Volga Balt 214" adlı gəminin itkin düşən 4 ekipaj üzvündən 2-nin də cəsədi dənizdə tapılıb. Daha 2 nəfərin cəsədinin tapılması istiqamətində işlər davam etdirilir.
Şəxslərin axtarışını 2 gəmi və 1 helikopter həyata keçirir.
Xatırladaq ki, ötən gün Qara dənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən "Volgo-Balt 214" gəmisinin qəzaya uğraması nəticəsində gəminin azərbaycanlı ekipaj üzvlərindən biri və gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlu dünyasını dəyişib. Gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun isə axtarışları davam etdirilir.
"Sahil Mühafizəsinə aid 2 gəmi, biri Hərbi Hava Qüvvələrinə aid olmaqla 3 helikopter və bir təyyarə xilasetmə istiqamətində fəaliyyət göstərib. Gəmidəki 13 nəfər heyət üzvündən 7-si xilas edilib. Xilasetmə işləri davam etdirilir. Səhiyyə Nazirliyinin təcili tibbi yardım helikopteri Sahil Mühafizəsinin Samsun Hava Qrupu Komandanlığında gözləyir" - deyə Türkiyə DİN-in məlumatında qeyd olunur.