BAKI, 9 yanvar — Sputnik. Bakıda magistral su xəttində qəza baş verib. Bu barədə Sputnik Azərbaycan-a "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.
Qurumun sözçüsü bildirib ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində, "Motodrom" yaşayış massivi adlanan hissədə baş verib: "Magistral su kəmərində qəfil qəza baş verib. Dərhal "Azərsu"nun qəza briqadası hadisə yerinə cəlb edilib, su kəsilib".
"Hazırda bərpa işləri davam etdirilir. Günün sonuna qədər bərpa işləri başa çatdırılacaq" - deyə A.Cəbrayıllı əlavə edib.
Qeyd edək ki, hadisə bu gün səhər saatlarında baş verib.
Nəticədə Bakı Beynəlxaq Avtovağzal Kompleksindən Biləcəri qəsəbəsinə gedən avtomobil yolunu su basıb, yolda avtomobillərin hərəkəti çətinləşib.