BAKI, 9 yanvar — Sputnik. "Artıq 600-ə yaxın şəxsə elektron qaydada pensiya təyin olunub və bu barədə, həmçinin pensiyanın məbləği, bank kartını əldə edəcəyi bank filialı və vaxt barədə onlara "sms", e-mail və rəsmi məktubla məlumat verilib. Pensiya təyinatının avtomatlaşdırılması bu il pensiya yaşı çatanlardan 36 min insana və ya il ərzində pensiya yaşı çatacaq şəxslərdən 70 faizinə şamil olunacaq". Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, qalan şəxslərin sırasına isə dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və s. daxildir ki, cari il ərzində onların da pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı mexanizminin qurulması işləri aparılacaq.
Eyni zamanda, əmək pensiyası yaşına çatmış şəxslərin fərdi hesabında 2018-ci ilin 1 iyul tarixinədək pensiya kapitalı qeydə alınıbsa (məbləğdən asılı olmayaraq), onlara əmək pensiyası təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək 25 il sosial sığorta stajı hesablanır. Həmin 25 illik stajın və eləcə də 2018-ci ilin 1 iyul tarixinədək qeydə alınan pensiya kapitalının qanunvericiliyin tələbləri əsasında indeksləşdirilməsi aparıldıqdan sonra formalaşan ümumi pensiya kapitalı əsasında pensiya təyin olunur. Bu da həmin insanların pensiyalarında artıma səbəb olur.
Ümumilikdə, cari ilin əvvəlindən pensiya təyinatı sahəsində həyata keçirilən islahat tədbiri bu sahədə vətəndaş-məmur təmasının və süründürməçilik, eləcə də digər neqativ halların baş vermə ehtimalının aradan qalxmasına, şəffaf və çevik pensiya təyinatı sisteminin qurulmasına, pensiyalarda artımın edilməsinə, nəticə etibarilə vətəndaş məmnunluğuna səbəb olub.