BAKI, 8 yanvar — Sputnik. Bakı Şəhər Baş Polis İdarəsi Baş Dövlət Yol Polis İdarəsinin (BŞBPİ BDYPİ) əməkdaşları bu gündən etibarən yeni "Mercedes" markalı avtomobillərlə xidmətə başlayıb. Bu barədə Sputnik Azərbaycan-a İdarədən məlumat verilib.
BDYPİ-nin məlumatına görə, Yol Patrul Alaynının bütün avtomobilləri yenilənib: "Dünəndən həmin avtomobillər yol polis əməkdaşlarına təhkim edilib. Bu gündən isə avtomobillərin bir qismi xidmətə çıxıb, bir qismi də bu həftə ərzində tam olaraq xidmətə çıxarılacaq".
Qeyd edək ki, Yol Patrul Xidməti üçün "Mercedes" markalı 118 ədəd avtomobil alınıb. Onlardan 75-i "Mercedes"in C-300, 4-ü E-450, 39-u isə E-350 modelidir. Bu avtomobillərin hamısında yeni i-Patrul sistemi quraşdırılıb. Həmin sistem texniki xüsusiyyətlərinə görə əvvəlkilərdən xeyli fərqlənir.
"Yol Patrul Xidməti avtomobilinin dayandığı, eləcə də hərəkət etdiyi hallarda fasiləsiz qaydada fəaliyyət göstərmək imkanına malik olan sistem ətrafı 360 dərəcə əhatə edən doqquz videonəzarət kamerası ilə təchiz olunub. Sistemin daxilində qarşıdakı beş zolaqda hərəkət edən nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını və sürətlərini avtomatik rejimdə qeydə alan "Radar" quraşdırılıb" - deyə məlumatda bildirilir.
Həmçinin, avtomobillərdə yan istiqamətlərdə "Nömrətanıma", gecə görüntüsü üçün 30 metrlik məsafəni əhatə edən "infraqırmızı" görünməz işıqlandırma sistemləri və GPS modulu var: "Sistemin dayanıqlı daxili kompüter qurğusu bütün proseslərin avtomatlaşdırılmış rejimdə aparılmasına imkan verir".
Eyni zamanda, Yol Patrul Xidməti avtomobilinə perpendikulyar istiqamətdə sağ və sol tərəflərdə dayanmış nəqliyyat vasitələrinin də nömrə nişanları oxunur: "Bu sistem nömrəsi və sürəti oxunmuş nəqliyyat vasitələri barədə məlumatları cari tarix, saat və GPS koordinatı da əlavə etməklə mərkəzi serverdə arxivləşdirir. Sürət həddini aşmış nəqliyyat vasitələri barədə məlumatlar sistemin mobil rabitə şəbəkəsi vasitəsilə dərhal Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminə ötürülür".