Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 8 yanvar — Sputnik. Xəbər verdiyimiz kimi, ötən gün Türkiyənin Samsun şəhəri yaxınlığında, göyərtəsində iki azərbaycanlı ekipaj üzvünün də olduğu "Volgo-Balt 214" gəmisi qəzaya uğrayıb. Gəminin batdığına dair siqnal alınandan dərhal sonra xilasetmə əməliyyatlarına başlanılıb.
Samsun şəhərinin Dəniz Axtarış Xilasetmə Mərkəzi ilə mövcud sistem vasitəsilə əlaqə yaradılıb. Gəmidə olan 13 nəfərdən 9-u sahilə çıxarılıb.
Sputnik Azərbaycan xəbər verir ki, ötən gün qəzaya uğrayan gəmi ilə bağlı marqlı məlumatlar ortaya çıxıb. Belə ki, "Volgo-Balt 214" gəmisi 1978-ci il sentyabrın 11-də Çexoslovakiyanın Komarno şəhərində inşa olunub.
Gəmi son illər Panama bayrağı altında üzüb. Lakin buna qədər gəmi Sent-Kits və Nevis, eləcə də SSRİ bayraqları altında üzüb. "Volgo-Balt 214" gəmisi son olaraq Türkiyədə, İstanbulda qeydiyyatdan keçən "Orbital Ship Management" şirkətinə məxsus olub.
"Volgo-Balt 214" gəmisi, əsasən daşıma xidmətləri göstərib. Gəminin uzunluğu 114 metr, eni isə 13 metr olub.
Xatırladaq ki, ötən gün Qara dənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən "Volgo-Balt 214" gəmisinin qəzaya uğraması nəticəsində gəminin azərbaycanlı ekipaj üzvlərindən ikisi - gəmi kapitanı İsmayılov Turbat Kamil oğlu və gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlu dünyasını dəyişib. Hər ikisinin meyiti sudan çıxarılıb.
"Sahil Mühafizəsinə aid 2 gəmi, biri Hərbi Hava Qüvvələrinə aid olmaqla 3 helikopter və bir təyyarə xilasetmə istiqamətində fəaliyyət göstərib. Gəmidəki 13 nəfər heyət üzvündən 7-si xilas edilib. Xilasetmə işləri davam etdirilir. Səhiyyə Nazirliyinin təcili tibbi yardım helikopteri Sahil Mühafizəsinin Samsun Hava Qrupu Komandanlığında gözləyir" - deyə Türkiyə DİN-in məlumatında qeyd olunur.