BAKI, 7 yanvar — Sputnik. Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) rektoru Çingiz Əliyev bu gün səhər saatlarında, 56 yaşında vəfat edib. Bu barədə Sputnik Azərbaycan-a ADDA-dan məlumat verilib.
Qeyd edək ki, Çingiz Mansur oğlu Əliyev 5 yanvar 1963-cü ildə Bakıda anadan olub. 1986-cı ildə Leninqrad (indiki Sankt-Peterburq) Su Nəqliyyatı İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1987-ci ildə "Xəzərdənizneftdonanma" idarəsində kapitan köməkçisi kimi başlayıb, sonra kapitan vəzifəsinədək yüksəlib. Avropada ən böyük qaldırma gücünə (2500 t) malik kran gəmisində ən cavan kapitan kimi 5 il işləyib.
1993-1996-cı illərdə "Xəzərdənizneftdonanma" idarəsində dənizdə təhlükəsiz üzmə xidmətinin rəis müavini və rəisi, "Xəzərdənizneftdonanma" idarəsinin rəis müavini, 1996-2006-cı illərdə "British Petroleum" şirkətində dəniz işləri üzrə rəis, 2006-2013-cü illərdə "Caspian Marine Services" LTD şirkətində direktor vəzifələrində çalışıb.
Həmin dövrdə "Günəşli" yatağında platformaların 30%-nin tikilməsində, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun 8 nömrəli platformasının tam qurulmasında, "Çıraq" platformasının özülünün qoyulmasında iştirak edib.
2013-cü ilin dekabrından Azərbaycan Dövlət Dəniz Akademiyasında Beynəlxalq əlaqələr üzrə rektor müaini, 2014-cü ilin iyulunda ADDA-nın tədris və tərbiyə işləri üzrə prorektoru vəzifələrinə təyin olunub. Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli sərəncamı ilə ADDA-nın rektoru vəzifəsinə təyin edilib.
Mərhum son dövrlərdə xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
Allah rəhmət eləsin.