CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qanunsuz ət satışı məntəqələrinə qarşı reyd keçirilib

© © AQTA İnformasiya təminatı və innovativ həllər şöbəsiBakıda qanunsuz ət kəsimi
Bakıda qanunsuz ət kəsimi - Sputnik Azərbaycan
Abunə olmaq
Qida Təhlükəsizliyi Agentliyi bir daha qeyri-qanuni heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və bu sahədə qanunsuz fəaliyyət göstərməməyə çağırır

BAKI, 7 yanvar - Sputnik. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) paytaxtın Nizami rayonunda qanunsuz heyvan kəsimi və ət satışı məntəqələrinə qarşı reyd keçirib. 

Bu barədə Sputnik Azərbaycan-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib. 

Məlumata görə, Qida Təhlükəsizliyi Agentliyi baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, küçələrdə, yol kənarlarında qanunsuz ət satışı məqsədi ilə heyvan kəsimi fəaliyyətinin qarşısını almaq üçün nəzarət tədbirlərini davam etdirir. Belə ki, indiyədək bir sıra qanunsuz heyvan kəsimi məntəqələrində yerli icra hakimiyyəti orqanları ilə birlikdə reydlər keçirilib. Bu zaman qanunsuz heyvan kəsimi məntəqələrinin sahiblərinə ciddi xəbərdarlıq edilib və yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan, bir sıra kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan monitorinqlər zamanı məlum olub ki, hələ də standartlara cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi və ət satışı məntəqələri fəaliyyətini davam etdirir. Bununla bağlı olaraq Agentlik aidiyyəti orqanlar ilə birlikdə qeyri-qanuni fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində reydlərə başlayıb. Agentlik tərəfindən indiyədək aparılan monitorinqlər zamanı qanunsuz heyvan kəsimi ilə məşğul olan kəsim məntəqələrinin digər rayonlarla müqayisədə daha çox paytaxtın Nizami, Binəqədi və Yasamal rayonlarında olduğu müşahidə edilib. Odur ki, reydlərə ilkin olaraq Nizami rayonundan başlanılıb. Bu rayon üzrə 40-a yaxın qanunsuz fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqəsinin fəaliyyətinə baxış keçirilib və qanunvericilikdə nəzərdə tutulmuş inzibati tədbirlər görülüb.

Qida Təhlükəsizliyi Agentliyi bir daha qeyri-qanuni heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və bu sahədə qanunsuz fəaliyyət göstərməməyə çağırır. Əgər sahibkarlar standartlara uyğun, müasir heyvan kəsimi və ət satışı məntəqələri yaratmaq istəyirlərsə, Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərlər. Eyni zamanda qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə müasir standartlara cavab verən heyvan kəsimi məntəqələrinin xidmətlərindən istifadə etmək tövsiyə olunur.

Xəbər lenti
0