CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkənin genefondu üçün strateji məqam - Belə bankın yaradılması həyat məsələsidir

© AFP 2024 / Ezequiel BecerraUşaq əmizdirən qadın, arxiv şəkli
Uşaq əmizdirən qadın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu gün donor süd banklarının fəaliyyət göstərdiyi ölkələrdə körpə ölümlərinin sayı azalıb"

Nigar Məhərrəm, Sputnik Azərbaycan.

BAKI, 6 yanvar — Sputnik. Bu gün dünyanın 42 ölkəsində 250-yədək donor süd bankı fəaliyyət göstərir. Bu bankların yaradılmasında məqsəd ana südündən məhrum olan, vaxtsız və az çəkidə doğulan körpələri təbii yolla qidalandırmaqdır.

Карета скорой помощи в Баку, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Ağsuda ana doğuşdan 5 gün sonra ölüb

Donor süd bankları arasında Braziliya modeli dünyaya örnəkdir. Braziliyada ilk donor süd bankı 1930-cu illərdə yaradılıb. Südü çox olan analardan əldə edilən süd burada dondurulmuş şəkildə mühafizə olunaraq ehtiyaclı körpələr üçün satılır. Bu model hazırda da Braziliyada özünü doğruldur. Süd donor bankı olan ölkələrdəki xüsusi laboratoriyalarda, saxlanılan ana südünün tərkibi yoxlanılır, müxtəlif virus və mikroblardan təmizlənir.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqda Konvensiyasında vurğulanır ki, hər bir uşağın sağlam böyüməsi üçün ana südü, bu, olmadıqda isə donor südlə qidalanması vacibdir. Bununla yanaşı, "Ana südünün qəbuluna əlavə tibbi göstərişlər və Qlobal Strategiya 2009" proqramında da donor südünün faydaları qeyd olunur. Ümumdünya Səhiyyə Təşkilatı isə bildirir ki, ana südü ən faydalısıdır, lakin bu olmadıqda donor süd bankları vasitəsilə körpələri daha sağlam qidalandırmaq mümkündür.

Donor süd banklarının sayının artması körpə ölümlərinin azalmasına səbəb olur. Çünki ana südünün tərkibində olan nutrion və inqridientlər körpənin daha sağlam böyüməsinə səbəb olur. Belə olan halda körpə xəstəliklərlə mübarizə apara bilir. Məhz bu səbəbdən bu gün donor süd banklarının fəaliyyət göstərdiyi ölkələrdə körpə ölümlərinin sayı azalıb.

Hazırda belə bankların ən çox olduğu ölkə Braziliyadır. ABŞ-da isə 10 donor süd bankı fəaliyyət göstərir. Kanada kimi bir sıra ölkələr isə belə donor bankların olmamasından əziyyət çəkir. Azərbaycanda da belə bir bankın olmaması körpələrin sağlam qidalanmasında əsas maneələrdən biri hesab edilir. Ölkəmizdə, ümumiyyətlə, son illərdə ana südü ilə qidalananların sayında azalma olub. Bu, Dövlət Statistika Komitəsinin məlumatında da öz əksini tapıb.

Respublikanın baş pediatrı Nəsib Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda da donor süd bankının yaradılması üçün təkliflər planı hazırlanır: "Bu gün bizim əsas problemimiz donorun olmamasıdır. Belə olan halda, donor süd bankı üçün südü haradan toplayacaqlar? Donor bankın yaradılması üçün süd verən anaların sayı çox olmalıdır ki, artığını da biz toplayaq. Bu səbəbdən mübarizəmizin əsas istiqaməti ana südü ilə qidalanan körpələrin sayının artırılmasına yönəlib".

ABŞ-Meksika sərhəddində miqrantlar - Sputnik Azərbaycan
Körpə, uşaq, qadın demirlər — ABŞ gözyaşardıcı qazdan istifadə edir

"Bu məsələ hazırda Səhiyyə Nazirliyi tərəfindən diqqət mərkəzində saxlanılır. Lakin təəssüflər olsun ki, bizə dəstək olanlar azlıq təşkil edir. Valideynlər tərəfindən də dəstək görmürük. Bəzən ehtiyac olmadan ana südünü kəsib, körpələrə süni qatışıqlı qidalar verirlər" – deyə müsahibimiz qeyd edib.

N.Quliyev əlavə edib ki, Ümumdünya Səhiyyə Təşkilatı hələ ötən əsrin 80-ci illərində ana südü ilə qidalanma faizinin aşağı düşdüyünü bəyan edərək həyəcan təbili çalmışdı: "O zaman dünyada ana südü ilə qidalanan körpələr 20 faiz idi. Azərbaycanda isə 1993-cü ildə ana südü ilə qidalanma 25 faiz idi. 25 illə müqayisədə bu faiz 50-yə qalxsa da, hazırkı göstəricilər də bizi qane etmir".

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı da Sputnik Azərbaycan-a açıqlamasında məsələyə münasibət bildirib.

Komitə sədri əvvəlcə süni qidaların reklamı ilə bağlı danışıb: "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında 17 iyun 2003-cü il tarixli qanunun ikinci fəsli ana südü ilə qidalanma və onun təbliği haqqındadır. Lakin vəziyyətdən asılı olaraq, körpələrin qidalanması üçün süni qidalardan da istifadə məcburi olur. Bu gün müxtəlif iş adamlarının süni qidalarının reklamı dövlət tərəfindən tənzimlənir. Bu qanunvericiliklə süni qidaların keyfiyyətinə, standartlarına, qablaşmasına və daşınması qaydalarına ciddi nəzarət edilir. Süni qidalarla bağlı məsələ müzakirə olunduqda süni südlərin reklamının qadağan edilməsi və belə qidalara üstünlük verilməməsini təklif etmişdik".

A.Naxçıvanlı xəstəxanaların nəzdində belə bankların yaradılmasının daha məqsədəuyğun olduğunu vurğulayıb: "Uşaq anadan olanda hansı xəstəxanada yatırsa, orada donor südlərin yığımını təşkil etmək olar. Çünki donor süd analiz olunmalıdır. Bu cür bankların səhiyyə müəssisələrində yaradılması tövsiyə olunandır. Hər kəsin ana südü adı ilə belə banklara üz tutması, daha sonra da onun uşaqlara qida kimi təqdim edilməsi yolverilməzdir. Elə analar var ki, övladı dünyaya gəldikdən sonra südü olmur. Bu cür analar və onlara kömək məqsədi ilə belə məntəqələrin yaradılması faydalı olardı".

Millət vəkili onu da qeyd edib ki, hazırda Milli Məclisin gündəliyində donor süd bankının yaradılması ilə bağlı məsələ yoxdur. Ancaq təklif olarsa, bu məsələ müzakirə oluna bilər.

Xəbər lenti
0