BAKI, 4 yanvar - Sputnik. Xəbər verdiyimiz kimi, bu gün Təhsil Nazirliyində ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması qaydaları ilə bağlı tətbiq edilən yeniliklərə dair press brifinq keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, Nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev summativ qiymətləndirmə ilə bağlı dəyişikliklərə aydınlıq gətirib, detalları açıqlayıb.
Nazirlik rəsmisi, həmçinin bir qrup müəllimlərin riyaziyyat, informatika, fizika, kimya və biologiya fənlərindən keçirilmiş qapalı tipli test tapşırıqlarından aşağı nəticə göstərməsinə də münasibət bildirib.
O qeyd edib ki, “İstedadlı şagird üçün istedadı müəllim" müsabiqəsində müəllimlərə beynəlxalq olimpiada üçün nəzərdə tutulmuş suallar təqdim edilib: “Məktəb müəllimindən beynəlxalq olimpiada suallarının hamısına düzgün cavab verməyi gözləmək düzgün deyil. Çünki müəllimlər bu mövzuları dərindən bilmirlər və bu, normal haldır. Hətta bu müəllimlərin 90 faizi ilk dəfə idi ki, beynəlxalq olimpiada sualları ilə qarşılaşırdı. Şərt o deyildi ki, bütün müəllimlər yüksək nəticə göstərsin. Fizikadan 95 bal toplayan müəllimlərimiz də var.Müəllim hazırlıqsız gələrək 40 bal toplayıbsa, bu, pis nəticə deyil”.
“Heç bir müəllim imtahana məcburi göndərilməyib. Pul mükafatı olduğu üçün çox müəllim özünü sınayıb. Olimpiadada bu qədər müəllimin özünü sınaması da əladır” – deyə E.Əmrullayev əlavə edib.
Qeyd edək ki, bir neçə gün əvvəl Təhsil Nazirliyi tərəfindən riyaziyyat, informatika, fizika, kimya və biologiya fənlərindən Azərbaycan və rus bölmələri üzrə orta məktəblərdə dərs deyən bir qrup müəllim üçün müvafiq ixtisaslara uyğun qapalı tipli test tapşırıqlarından imtahan keçirilib. Layihənin məqsədi istedadlı şagirdlərlə bağlı fəaliyyətlərə cəlb ediləcək müəllimlərin müəyyənləşdirilməsi, onların bu sahədə olan fəaliyyətlərinin dəstəklənməsi və yeni fəaliyyətlərə təşviq edilməsindən ibarət olub.
Ancaq imtahan nəticələrinə əsasən, ki, müəllimlərin bilik və bacarıqları 50 faizdən aşağıdır. Belə ki, riyaziyyat müəllimlərinin 99, kimya müəllimlərinin 95, fizika müəllimlərin 94, informatika müəllimlərinin 90, biologiya müəllimlərinin isə 49%-i test suallarının yarıdan çoxunu düzgün cavablandırmayıb.