BAKI, 30 dekabr - Sputnik. Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Yaşar Əliyev Ermənistan Respublikasının ölkəmizin Konstitusiyası, BMT nizamnaməsi, beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobudcasına pozaraq, Azərbaycanın işğal edilmiş ərazilərində yaratdığı qondarma qurum adından BMT çərçivəsində kağızların yayılmasına qarşı BMT-nin baş katibi Antonio Quterreşə etiraz məktubu ünvanlayıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, məktubda Ermənistanın hərbi gücdən istifadə edərək Azərbaycan ərazilərini, o cümlədən Dağlıq Qarabağvə ətraf yeddi rayonu işğal etdiyi və bu ərazilərdə bütün qeyri-ermənilərə qarşı etnik təmizləmə həyata keçirərək irqçi azlıq rejimi yaratdığı qeyd olunur. Ermənistanın başladığı müharibə nəticəsində on minlərlə azərbaycanlının həyatına son qoyulduğu, şəhərlərin, qəsəbələrin, kəndlərin darmadağın edildiyi, bir milyondan çox azərbaycanlının doğma torpaqlarından və mülklərindən zorla qovulduğu və minlərlə insanın münaqişə ilə əlaqədar itkin düşdüyü vurğulanır.
Məktubda qeyd olunur ki, Ermənistan qanunsuz rejimi təbliğ etməklə danılmaz faktları təkzib etməyə və məsuliyyətdən boyun qaçırmağa çalışır, BMT üzvlüyündən sui-istifadə edərək beynəlxalq ictimaiyyəti çirkin saxtalaşdırma yolu ilə yanıldır və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinə qarşı etinadsızlığı nümayiş etdirir.
Ermənistanın bu hərəkəti onun münaqişənin sülh yolu ilə həllinin konstruktiv axtarışından uzaq olduğunu nümayiş etdirir. Ermənistanın bəyan etdiyi öhdəlikləri ilə onun əməlləri münaqişənin siyasi həlli məqsədi baxımından hər zaman ziddiyyət təşkil edib.
Vurğulanır ki, Ermənistanın BMT və digər beynəlxalq təşkilatlarda qanunsuz rejim adından yaydığı kağızlar boş və dəyərsizdir və onlar elə əvvəlindən rədd edilməli və nəzərə alınmamalıdır.
Məktubda həmçinin Azərbaycan ərazilərinin işğalını pisləyən, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmət edən, Dağlıq Qarabağı Azərbaycan Respublikasının tərkib hissəsi kimi təsdiq edən və işğalçı qüvvələrin işğal edilmiş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinə istinad edilir. ATƏT-in Minsk Qrupunun 9 ölkəsi tərəfindən təsdiqlənmiş 1993-cü ilin 4 noyabr tarixli bəyannaməsinin, xüsusilə “güc vasitəsilə torpağın zəbt edilməsi qəbul edilə bilməz və ərazilərin işğalı beynəlxalq tanınma əldə etmək üçün və ya hüquqi statusun dəyişdirilməsi üçün istifadə oluna bilməz” fikrinə istinad öz əksini tapır. Eləcə də, Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin qanunsuz işğalı və bu ərazilərdə hərbi mövcudluğu məsuliyyətinin təsdiq olunduğu Avropa İnsan Haqları Məhkəməsinin Böyük palatasının “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə 2015-ci ilin 16 iyun tarixli qərarı xatırladılır.
Məktubda qeyd olunur ki, Ermənistanın Azərbaycanın beynəlxalq tanınmış ərazilərini, yəni Dağlıq Qarabağ və işğal olunmuş digər əraziləri müxtəlif saxta adlarla təqdim etmək cəhdləri düzgün deyil, çünki bu beynəlxalq hüququn, Azərbaycan Konstitusiyası və qanunvericiliyinin, eləcə də Birləşmiş Millətlər çərçivəsində coğrafi adların beynəlxalq standartlaşdırılması prinsipləri və prosedurlarını açıq şəkildə pozur. Ermənistanın bu kimi cəhdləri açıq şəkildə işğal olunmuş ərazilərdən Azərbaycan tarixi və mədəniyyətinin izlərinin silinməsi və tarixin saxtalaşdırılması məqsədini güdür.
Azərbaycanın BMT yanında Nümayəndəliyinin başçısı məktubunun sonunda vurğulayır ki,Ermənistanın anneksionist və müstəmləkəçi siyasətinin uğurlu olmaq şansı yoxdur. Dağlıq Qarabağ hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi olub və bu belə də qalacaq. Ermənistanın işğalçı siyasətinin nəticələrinin aradan qaldırılması, onun silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması, Azərbaycanlı məcburi köçkünlərin öz evlərinə və mülklərinə geri dönməsi təmin olunacağı təqdirdə sülh, təhlükəsizlik və sabitliyə nail olmaq mümkündür.
Məktub BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılacaq.