Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan
BAKI, 28 dekabr — Sputnik. Hüquq-mühafizə orqanları "Hyundai Elantra" markalı maşına atəş açmaqla bir nəfərin ölümü, bir nəfərinsə yaralanmasına səbəb olan adamın şəxsiyyətini müəyyənləşdirib. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Qeyd edək ki, dekabrın 27-dən 28-nə küçən gecə paytaxtın Keşlə qəsəbəsində odlu silahdan istifadə edilməklə qəsdən adamöldürmə faktı qeydə alınıb. Atəşə tutulan avtomobildə olan Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Babayev Tural Rəhim oğlu hadisə yerindəcə ölüb, 1988-ci il təvəllüdlü Bağırov Asif Adışirin oğlu isə yaralanıb. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Aparılan araşdırma zamanı məlum olub ki, avtomobilə atəş açan şəxs 34 yaşlı İsmayılov Zaur Zülfüqar oğludur. İstintaq onun cinayəti АК-74 markalı avtomatla törətdiyini təsbit edib.
Hələlik İsmayılov saxlanılmayıb, lakin cinayət-axtarış qrupunun əməkdaşları bu istiqamətdə iş aparırlar. O da məlum olub ki, qatil gənclərə hücum etmək üçün "Evro Rent a Car" şirkətindən avtomobil kirayələyib. Hələlik cinayətin motivi barədə heç nə məlum deyil.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29, 120.2.7-ci (iki və daha çox şəxsi qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, gəzdirmə, daşıma və saxlama) maddələri ilə cinayət işi başlanıb.
Araşdırma davam edir.