CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayram günlərində Bakı metrosu fərqli rejimdə işləyəcək

© Sputnik / Murad Orujov"Nizami" stansiyasının vestibülü
Nizami stansiyasının vestibülü - Sputnik Azərbaycan
Abunə olmaq
Retro vaqonlar yenidən xətdə

BAKI, 26 dekabr — Sputnik. Hər il olduğu kimi, bu il də “Bakı Metropoliteni” QSC ənənəsinə sadiq qalaraq, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə sərnişinlərinə xüsusi layihələr təqdim edəcək.

Bakı Metropolitenindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yola salmağa hazırlaşdığımız 2018-ci ilin son günlərində metronun stansiyalarında bayram əhval-ruhiyyəsi hiss olunur. “İçərişəhər”, “28 May”, “Nizami”, “Elmlər Akademiyası”, “Koroğlu”, “Avtovağzal”, “Bakmil” və “Memar Əcəmi” (Bənövşəyi xətt) stansiyalarının vestibüllərində bəzədilmiş şam ağacları quraşdırılıb. Bununla yanaşı, stansiyaların monitorlarında hər iki bayramla bağlı təbriklər yerləşdirilib.

Bakı metropoliteninin 50 illik yubiley tədbirlərində olduğu kimi, retro vaqonları bu dəfə də xəttə buraxılacaq. Yeni il rəmzləri ilə bəzədilmiş “A” və “Q” tipli 2 retro vaqonların qoşulduğu iki qatar dekabr ayının 29-dan 2019-cu il yanvar ayının 2-dək  günün müəyyən saatlarında xüsusi qrafiklə xəttə buraxılacaq. Sərnişinlərimizin orta və yaşlı nəslinin nümayəndələri  hər dəfə bu vaqonları xətdə görəndə nostalji hisslər keçirirlər. Zövqlə bəzədilərək bayram ovqatına köklənmiş retro vaqonlara uşaqlar da biganə qalmayırlar.

Yeni il bayramının əsas qəhrəmanları Şaxta baba və Qar qız yenə də kiçik yaşlı sərnişinlərin görüşünə gələcək. Üç gün - dekabr ayının 29-dan 31-nə qədər metronun retro vaqonların qoşulduğu qatarlarında Yeni ilin əsas personajları azyaşlı sərnişinlərə hədiyyələr paylayacaqlar.

Son illərdə formalaşmış ənənəyə uyğun olaraq, bu il də metropolitenin şəhərin mərkəzində yerləşən və sərnişin axınının sıx olduğu stansiyalarında konsert proqramı təşkil ediləcək. Dekabrın 30-dan yanvarın 2-dək milli muğam üçlüyü və instrumental kvartetin ifa etdiyi canlı musiqi “İçərişəhər”, “Sahil”, “28 May”, ”Elmlər Akademiyası” stansiyalarının sərnişinlərində əsl bayram ovqatı yaradacaq.

Bayram günlərində “Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində çalışacaq. Şəhərin məkrəzində yerləşən və kütləvi bayram tədbirlərinin keçiriləcəyi stansiyalara əlavə işçi qüvvəsi cəlb olunacaq. Zərurətdən asılı olaraq, xəttə verilmək üçün ehtiyat qatarlar da nəzərdə tutulacaq. Bundan savayı, dekabrın 31-dən yeni il yanvarın 1-nə keçən gecə paytaxtda keçiriləcək kütləvi bayram tədbirləri və atəşfəşanlıqla əlaqədar olaraq, gecə saat 02:00-a kimi Bakı metropoliteninə giriş açıq olacaq.

Xəbər lenti
0