Bəs hansı ağaclar yolka kimi bəzədilə bilər? Bunları necə seçməli və onlara necə qulluq etməli? Azərbaycan Milli Elmlər Akademiyasının Nəbatət bağının baş aqronomu İlkin Şəfiyev Sputnik Azərbaycan-ın mövzu ilə bağlı bütün suallarını cavablandırıb.
Onun sözlərinə görə, yolka kimi ən çox istifadə edilən ağac növü tikanlı küknardır. Biz onu həm də mavi küknar kimi tanıyırıq. Müxtəlif şam növləri və həmişəyaşıl sərv də bu məqsədlə istifadə edilə bilər.
Bu ağaclar çöl bitkiləri olduğuna görə, isti və quru havası olan ev şəraitində çox qala bilmir. Şəfiyev onları 3 həftədən artıq evdə saxlamamağı və yaza doğru həyətyanı sahəyə əkilməsini məsləhət görür.
İlk öncə ağacın əkiləcəyi dibçək dəlikli olmalıdır. İkinci növbədə drenaj yaratmaq üçün çınqıl lazımdır. Çınqıl dibçəyin dibinə, haradasa, 3 sm qalınlığında səpilməlidir. Bu bitkilər dibində su qalmasını sevmir, çünki çürümə prosesinə görə bitkilərin kökündə xəstəlik yarana bilər. Buna görə drenaj sisteminə xüsusi diqqət yetirilməlidir.
Torpağın hazırlanması prosesi də olduqca mühümdür. Əgər bu bitkilər ev şəraitində saxlanılacaqsa, bir hissə qum, bir hissə münbit torpaq, bir hissə də çürüntü (yaxşı olar ki, şam və sərv ağacları bitən yerlərdən götürülsün) 1/1 nisbətində yaxşıca qarışdırılır və dibçəyə doldurulur.
Bitki yerdən torpaq kütləsi ilə birlikdə çıxarılmalıdır. Torpaqsız əkilməsi məsləhət görülmür. Bitki dibçəyə qoyulduqdan sonra ətrafı torpaqlanır. Təbii ki, hər bir bitki əkildikdən sonra bolluca sulanmalıdır.
Sonra isə ağacımızı bəzəyə bilərik.