BAKI, 26 dekabr - Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, konfransda çıxış edən nazir Sahil Babayev Nazir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən son 15 ildə gördüyü işləri xatırladıb, sosial təminat sisteminin ildən-ilə gücləndiyini və əhatə dairəsinin genişləndiyini qeyd edib.
2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrində əldə olunan nəticələri diqqətə çatdıran S.Babayev bildirib ki, bu ilin 11 ayında 50,2 min nəfərin işlə təminatı həyata keçirilib. Gələn il yeni bir istiqamət kimi “İşsizin dostu” proqramına başlanacaq ki, bu proqram 30 min iş yerinin yaradılmasına imkan verəcək.
Nazir 2018-ci ilin 11 ayında nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin əvvəlki ilə nisbətən 224 milyon manat, o cümlədən qeyri-büdcə sektoru üzrə 145 milyon manat artdığını və proqnoza 105,4 faiz əməl olunduğunu da qeyd edib.
O, həmçinin bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 sentyabr 2018-ci il tarixli Fərmanına uyğun olaraq, pensiya təyinatı sistemində təkmilləşdirmələr aparılıb. Müvafiq qanunvericiliyə edilmiş dəyişikliklər gələn ilin əvvəlindən pensiya təyinatının heç bir sənəd və vətəndaşın fiziki şəkildə müraciəti tələb olunmadan, yəni avtomatlaşdırılmış şəraitdə həyata keçirilməsinə imkan verəcək.
Başqa sözlə, 2006-cı ildən 2018-ci ilin 1 iyul tarixinədək fərdi hesabında heç bir pensiya kapitalı qeydə alınmayanlar, dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və s. istisna olunmaqla, pensiya yaşına çatanların 70 fazinin pensiya təyinatı avtomatlaşdırılmış şəkildə aparılacaq.
Həmçinin pensiya yaşına çatan və fərdi hesabında 2018-ci ilin 1 iyul tarixinədək pensiya kapitalı qeydə alınan (məbləğdən asılı olmayaraq) şəxslərə 2006-cı ilin yanvarın 1-dək olan dövr üçün avtomatik 25 il sosial sığorta stajı hesablanacaq ki, bu da 2006-cı ilədək 25 ildən az stajı olduğu üçün pensiya hüququ yaranmayan şəxslərin bu hüquqa malik olmasına şərait yaradacaq.