BAKI, 26 dekabr - Sputnik. “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 avqust 2018-ci il tarixli Sərəncamı ilə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün bu il əlavə olaraq minimum 300 mənzilin alınması məqsədilə 20 milyon manat vəsait ayrılıb. Bu da 2018-ci ildə həmin kateqoriyalardan olan insanlara nəzərdə tutulduğundan (207 mənzil) 3 dəfə çox olmaqla, 626 mənzilin təqdim edilməsinə imkan verib”.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə naziri Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 100 illiyinə həsr edilmiş elmi-praktiki konfransda məlumat verib.
S.Babayev, həmçinin qeyd edib ki, bu il daha 265 nəfər Qarabağ müharibəsi əlili minik avtomobili ilə təmin olunub.
Nazir onu da vurğulayıb ki, şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təmin olunmasını nəzərdə tutan 19 aprel 2018-ci il tarixli Fərman isə dövlət başçısının hümanist təşəbbüsünün nəticəsi və şəhid ailələrinə xüsusi qayğısının davamıdır: “9531 şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub ki, onlardan artıq 3 min nəfərinin 4 min vərəsəsinə həmin ödənişlərin verilməsi prosesi həyata keçirilir”.