BAKI, 26 dekabr — Sputnik. Hərbçilərini Suriyadan çıxarma qərarı verən ABŞ İsrail ilə birgə üzünü İraqa çevirib. Sputnik Azərbaycan "Haber7"yə istinadla xəbər verir ki, İsrail lobbisinin nüfuzlu nümayəndəsi Cozef Frager Vaşinqtonun və Təl-Əvivin İraqda bir kürd dövləti qurmaq istəyində olduğunu yazıb.
İsrail ABŞ-ın Suriyadan çəkilməsinə qarşı çıxsa da, rəsmi Təl-Əviv Yaxın Şərqdə bir kürd dövlətinin yaradılmasının zamanı gəldiyini açıq şəkildə bildirir.
Cozef Frager "Israel National News"da "Kürd dövləti zamanı" başlıqlı bir yazı qələmə alıb. Cozef Frager İsrailin baş naziri Binyamin Netanyahuya olduqca yaxın olan şəxsdir.
Frager məqaləsində, "Yaxın Şərqdə kürd dövlətinin qurulması ABŞ, İsrail və Yaxın Şərqin geri qalanı üçün mühüm hadisə olacaqdır" - deyə yazıb.
Açıq şəkildə bildirilən bu niyyət Türkiyənin bölgədəki maraqlarını təhdid edən aqressiv münasibətləri birləşdirir.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın Suriyadan çəkilmə planı İsraili narahat edib. Məsələ ilə bağlı İsrail ədliyyə naziri Ayelet Şaked açıqlama verib. O, Trampın qərarının İsrail üçün mənfi olduğunu bildirmişdi: "Bu addım İsrailə kömək etmir, amma, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı gücləndirir".