Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ölkədən kənara valyuta axınının qarşısı alına bilər, diqqətçəkən təklif var

Abunə olmaq
"Digər tərəfdən, bu, yeni ixrac imkanları deməkdir və balıq məhsullarının ixracı ölkəyə daxil olan valyutanın həcminin artması baxımından çox vacibdir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 25 dekabr — Sputnik. "Azərbaycanda balıq məhsulları istehsalının azalmasının qarşısını almaq, ixrac imkanlarının genişləndirilməsi baxımından balıqçılığın inkişafı ilə bağlı xüsusi proqramın qəbul edilməsinə ehtiyac var".

© Photo : Social media page of Vugar BayramovVüqar Bayramov
Ölkədən kənara valyuta axınının qarşısı alına bilər, diqqətçəkən təklif var - Sputnik Azərbaycan
Vüqar Bayramov

Bunu iqtisadçı-ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında deyib. Onun sözlərinə görə, yerli tələbin ödənilməsi və ixrac baxımından balıq məhsullarının istehsalı ciddi sənayedir və nəticədə həm daxili tələb var, həm də ixrac imkanları.

"Amma çox təəssüf ki, ölkəmizdə balıq məhsullarının istehsalının azalmasını müşahidə edirik. Balıqçılıq sistemli yanaşma tələb edir və burada sistemli şəkildə inkişafa nail olunmasına ehtiyac var. Bu sektorun daha da liberallaşmasının, buraya özəl şirkətlərin daha çox cəlb edilməsinin tərəfdarıyıq. Çünki özəl şirkətlərin cəlb edilməsi rəqabətin yaradılmasına, daha çox istehsala nail olmağa imkan verəcək" - deyə o bildirib.

Ekspert qeyd edib ki, Azərbaycanda balıqçılığın inkişaf etməsi idxalın əvəzlənməsinə və bu kontekstdə valyutanın ölkədə qalmasına imkan verəcək: "Digər tərəfdən, bu, yeni ixrac imkanları deməkdir və balıq məhsullarının ixracı ölkəyə daxil olan valyutanın həcminin artması baxımından çox vacibdir".

V.Bayramovun dediyinə görə, Azərbaycan il ərzində 9880 ton balıq idxal edir: "Bu da 15 milyon 569 min dollar vəsait deməkdir. Söhbət təzə və dondurulmuş balıqlardan gedir. Eyni zamanda, balıq konservlərinin idxalı da həyata keçirilir. Bu da nəticədə ölkədən valyutanın getməsini şərtləndirən səbəblərdən biri kimi qiymətləndirilir".

"Azərbaycan il ərzində 5925 tonluq balıq konservləri idxal edir. Bu, 16 milyon dollara yaxın vəsait deməkdir. O baxımdan, balıq idxalı ölkədən valyutanın getməsinə imkan yaradır. Halbuki, potensialımız böyükdür və Azərbaycan bu potensialdan istifadə etməklə idxalın əvəzlənməsinə, ixrac imkanlarının genişlənməsinə nail ola bilər" - deyə iqtisadçı əlavə edib.

© Qadir Bayramlının şəxsi arxivindənAzərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Qadir Bayramlı
Ölkədən kənara valyuta axınının qarşısı alına bilər, diqqətçəkən təklif var - Sputnik Azərbaycan
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Qadir Bayramlı

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Qadir Bayramlı da Sputnik Azərbaycan-a ölkəmizdə balıqçılığın inkişafı üçün geniş imkanların olduğunu deyib: "Xəzər dənizində və daxili sularımızda böyük imkanlar mövcuddur. Vaxtilə balıqçılıq Azərbaycanda ciddi inkişaf edib".

Onun fikrincə, istehsalın azalması ilk növbədə Xəzərin çirklənməsi ilə bağlıdır: "İkinci səbəb normadan çox balıq ovu ilə bağlıdır. Digər səbəb balıq vətəgələrinin fəaliyyəti ilə bağlıdır. Hazırda onların fəaliyyətləri var, amma yetərli deyil. Bu sahədə bir problem də Kür çayı üzərində tikilən elektrik stansiyaları və su anbarları olub. Çirklənmə və normadan artıq balıq ovu Kür və Araz çaylarındakı balıqçılığa da mənfi təsir göstərib".

Q.Bayramlı bildirib ki, son dövrlərdə, xüsusən Kür-Araz ovalığını əhatə edən bölgələrdə bir çox balıq gölləri yaradılıb və onlardan çıxarılan balıqlar ölkəmizin müxtəlif yerlərində satılır: "Balıqçıların maarifləndirilməsi işləri də aparılmalı, onların birliyi yaradılmalıdır. Respublikada balıqçılığın inkişafı üçün kompleks tədbirlər planı hazırlanmalıdır. Digər tərəfdən balıqçılığın inkişafına dövlət dəstəyi olmalıdır. Kompleks tədbirlər həyata keçirilərsə, bu sahənin daha da inkişafına nail olmaq olar".

Qeyd edək ki, bu yaxınlarda BMT-nin Azərbaycandakı nümayəndəliyindən ölkədə son 20 ildə balıq məhsullarının istehsalının, təqribən 50% azaldığı barədə açıqlama verilib.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov Azərbaycanda balıq məhsullarının yetişdirilməsinin və bazara çıxarılmasının kortəbii xarakter daşıdığını deyib: "Amma bundan çıxış yolları mövcuddur. Artıq nazirlik tərəfindən bu sahədə tədbirlərə başlanılıb".

"Yəni təbii su hövzələrində daha səmərəli olan müasir fermaların yaradılması və akvakulturanın inkişafı hesabına balıq növlərinin artırılmasına çalışılır. Hazırda bu sahənin inkişafı üçün dövlət proqramı hazırlanır. Bu da Azərbaycanın balıqçılıq və akvakultura sektorunun inkişafına təkan verilməsi üçün imkan yaradacaq" - deyə o bildirib.

"Araşdırmalara əsasən, deyə bilərik ki, yaxın zamanlarda əhalinin balıq ovçuluğundan akvakultura və marikultura fəaliyyətinə yönəldilməsi əvvəlcə sənaye balıq ovu ilə məşğul olan balıqçıların gəlirlərinin artmasına səbəb olacaq və həmçinin ölkəmizdə balıq məhsullarına olan daxili tələbat tam ödənəcək. Hətta hesablamalara görə, məhsuldarlıq o qədər artıq olacaq ki, qarşıdakı illərdə yetişdirilən balıq məhsullarını xaricə ixrac etmək mümkün olacaq. Bizim əsas prioritetlərimiz və məqsədimiz budur" - deyə institut direktoru qeyd edib.

Xəbər lenti
0