Yeni il ərəfəsində Bakının hər tərəfi yeni rənglərə bürünüb - mərkəzi prospektlər və meydanlar parlaq işıq tabloları, yeni il simvolları və əlbəttə ki, bayramın əsas atributu olan yolkalarla bəzədilib.
Bu il ölkənin ən böyük və baş yolkası Azadlıq meydanında quraşdırılıb. Eyni zamanda, paytaxt sakinlərinin ən çox gəzməyə çıxdıqları yerlərdə, eləcə də Bakı bulvarında, Fəvvarələr meydanında, digər park və xiyabanlarda da müxtəlif yolkalar bəzədilib. Paytaxtdakı "Sevirəm" parkında da əsl nağılvari mənzərə yaradılıb - ənənəvi yolka, işıq tabloları, parlaq fiqurlar, işıq arkaları və digər Yeni il atributları quraşdırılıb. Onlarla əla şəkillər çəkdirmək və özünü bayram əhval-ruhiyyəsinə kökləmək olar.
Böyüklərin və uşaqların sevimli bayram günlərində kütləvi gəzintilərin, səs-küylü yarmarkaların və şən konsertlərin keçirilməsi planlaşdırılıb. Dekabrın 31-də - gecə yarısı isə Dənizkənarı parkda möhtəşəm atəşfəşanlıq olacaq və o, şəhərin hər yerindən görünəcək.