BAKI, 24 dekabr — Sputnik. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Azərbaycan Prezidentinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Vladimir Putin Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Söhbət zamanı qeyd edilib ki, 2018-ci il Azərbaycan-Rusiya dostluq əlaqələrinin tarixində çox məhsuldar bir il olub, dövlət başçılarının qarşılıqlı səfərləri, beynəlxalq tədbirlər çərçivəsində çoxsaylı təmaslar əlaqələrimizi daha da yüksək səviyyəyə qaldırıb. Prezidentlər öz əminliklərini bildiriblər ki, 2019-cu ildə də ikitərəfli münasibətlərimizdə müsbət dinamika davam etdiriləcək və Azərbaycan-Rusiya strateji tərəfdaşlıq əlaqələri bundan sonra da inkişaf edəcəkdir.
Gürcüstanın Baş naziri Mamuka Baxtadze də dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Mamuka Baxtadze Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri Mamuka Baxtadze iki ölkə arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluqlarını ifadə edib və əmin olduqlarını bildiriblər ki, 2019-cu ildə də əlaqələrimiz uğurla inkişaf edəcəkdir.