BAKI, 24 dekabr — Sputnik. Sabunçu rayonu Nardaran qəsəbəsi, Bağlar Massivində yerləşən evlərdən birinin pəncərəsi sındırılaraq içəridən naməlum şəxslər tərəfindən dəyəri 3000 manat olan televizor və digər məişət əşyaları oğurlanıb.
Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, bu barədə Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsinə məlumat daxil olan kimi hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Rauf Əliyev, Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Əli Abbasov, Saatlı rayon sakini İlqar İsgəndərov və Sabunçu rayon sakini Fərrux Quliyev saxlanılıb. Qeyd edək ki, dəstə üzvlərindən biri – R.Əliyev digər cinayətdə təqsirli bilindiyi üçün məhkəmənin qərarı inzibati qaydada həbs olunub. Araşdırma zamanı dəstə üzvlərinin məhz R.Əliyevin təklifi ilə qeyd edilən mənzildən oğurluq etdikləri məlum olub.
Qeyd edək ki, saxlanılan şəxslər oğurluğa dəstənin digər üzvü F.Quliyevin avtomobili ilə gediblər. Elə F.Quliyev oğurluq əşyaları sonradan 300 manat müqabilində digər şəxslərdən alaraq yaşadığı evə aparıb.
Saxlanılan şəxs barəsində 42-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Gördüyünüz bu şəxslərin digər cinayətlər törətməsi də istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə, Sabunçu Rayon Polis İdarəsinə və ya 42-ci Polis Bölməsinə müraciət edə bilərlər.