İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 22 dekabr — Sputnik. "Biz də insanıq, biz də əlilik, biz də bu dövlətin vətəndaşıyıq, heç olmasa, ildə bir dəfə gəlib qapımız açsınlar, bizlə maraqlansınlar. Nə qədər qapalı mühitdə qalmaq olar".
Bu sözləri "Miopatiya erba" xəstəliyindən (əzələ zəifliyi) əziyyət çəkən Tovuz şəhər sakinləri Aynurə və Bayram Həsənovlar Sputnik Azərbaycan-ın bölgə müxbirinə deyiblər. 34 yaşlı Aynurə 3 yaşından, 27 yaşlı qardaşı Bayram isə 5 yaşından yerimək qabiliyyətini itirib. Yaş artdıqca azalan əzələ güclərini saxlamaq üçün onların müalicəyə və köməyə ehtiyacları var.
Xəstəlikləri barədə məlumat verən Bayram onların başqa xəstələr kimi tam sağalmaq ehtimalının olmadığını desə də, fizioterapiya müalicələri ilə özlərini idarə edə biləcəklərini söyləyir: "Heç bir hərəkət etmək qabiliyyətimiz yoxdur. Kömək olmasa, nə uzana, nə qalxa bilirik. Adicə bir ayağımızı tərpətmək üçün yeganə baxıcımız olan anamız kömək etməlidir. Yaş artdıqca əzələlər ölür, bədənin müqaviməti azalır. Tədricən sol qolum da inkişafdan dayanır. Yalnız sağ əlimlə iş görə bilirəm".
Bayram 2013-2014-cü illərdə iki dəfə Respublika Əlillərin Bərpa Mərkəzində müalicə olunduqdan sonra səhhətlərində xeyli irəliləyişlərin olduğunu deyir: "Atam sağlığında iki il Respublika Əlillərin Bərpa Mərkəzinə apardı. Arabaya qalxıb, otura, müəyyən hərəkətlər edə bilirdik. Orda hərəkətimizin tam itməməsi üçün kurs-kurs müalicə almalı olduğumuzu dedilər. Atamız öləndən sonra 4 ildir müraciət etsək də, "2020-ci ilə kimi siyahımız doludur, o vaxta kimi sizi götürə bilmərik" deyirlər. Öz hesabımıza müalicəmiz isə mümkünsüzdür. Bir evdə iki nəfər birinci qrup əlil, bir də bizə baxan xəstə anamız var. Bacımla mən hərəmiz 155 manat pensiya alırıq, o da ağrıkəsicilərə ancaq çatır".
Ən çox sosial baxıcı və müalicəyə ehtiyacları olduğunu deyən Aynurə dəfələrlə müraciət etsə də, vəziyyətləri ilə millət vəkili Qənirə Paşayevadan başqa maraqlanan olmadığını bildirir: "Demək olar ki, Qənirə xanımdan başqa, bizə yardım etmək istəyən olmayıb. Onun təşəbbüsü ilə Ombudsman Elmira Sülymanovadan tutmuş, xarici dövlətlərin səfirləri, yerli və xarici iş adamları ziyarətimizə gəlib. Gələnlər hər şeylə təmin olunacağımız barədə vədlər versələr də, qapıdan çıxdıqdan sonra unudulmuşuq. Onlar iki çarəsiz əlilə yalandan ümid verib, gözlərini yolda qoymaqdan yorulmasalar da, biz artıq yalançı vədlərdən doymuşuq".
Aynurə deyir ki, lazımi müalicələr aparılmazsa, 38 yaşına kimi bütün hərəkət üzvləri dayanacaq: "Sosial baxıcıyla bağlı neçə dəfə müraciət etmişik, bizə deyirlər ki, "sosial baxıcı ancaq yeməyinizi, çayınızı verib gedəcək". Deyirəm ki, bunu mənim anam da edir. Ən azından bizə bir qədər qüvvəli adam lazımdır ki, əlil arabamıza minməyə, düşməyə kömək etsin".
Birinci qrup əlillər iddia edirlər ki, onlara əsaslı yardımın olunması üçün analarından imtina etməyi, yalnız bundan sonra dövlət hesabına müalicə ala biləcəklərini deyiblər: "Biz anamızdan necə imtina edə bilərik? Hər şeyə dözərək bu yaşa kimi saxlayıb, bir dəfə yanımızda özünü qəmgin göstərməyib, "uf" deməyib. Təkbaşına qaldırıb-endirməkdən onurğasında 3 yırtıq əmələ gəlib".
Sosial şəbəkələr vasitəsilə digər dövlətlərin də oxşar xəstəliyi olan adamlarla əlaqə saxladığını bildirən Bayram orada bu cür xəstələrə daha həssas yanaşıldığını deyir: "Qardaş Türkiyədə bizimlə eyni xəstəliyi olan şəxslərlə sosial şəbəkədə əlaqə saxlayıram. Onlar deyir ki, "ayda bir dəfə xüsusi tibbi yardım maşını gələrək bizi xəstəxanaya aparır, saçın ucundan dırnağın ucuna qədər müayinədən keçirib, müalicəmizi, dərmanımız yazıb gətirirlər evə".
"Bizim isə həkimə zəng etməkdən canımız çıxır, gəlib maraqlanan da olmur. Televiziyada baxırıq, hər il dekabrın 3-də məmurlar əlillərin evlərində olur, problemləri ilə maraqlanır. Amma bizim qapını bir dəfə açan olmayıb. Biz də əlilik axı. Özü də bir evdə iki nəfər" - deyə B.Həsənov gileylənir.
"Ayda bir dəfə də istəmirik, heç olmasa ildə bir-iki dəfə gəlib qapımızı açan, maraqlanan olsun. Nə qədər bir çarpayıda, havasız otaqda oturmaq olar. Sutka ərzində yuxu da yatmırıq, yemək bir yana, çalışırıq su da içməyək. İnsanıq axı, fiziki bir yana, psixoloji olaraq da sınırıq. Heyvanı belə, hərdən açıb havaya çıxardırlar. Bizim bu ölkədə heyvan qədər dəyərimiz yoxdurmu?" - deyən Aynurə bu dövlətin vətəndaşı olaraq diqqət, qayğı görmək istəyir.
Bayram hər hansı bir işdə çalışmaq istəsə də, mümkün olmayıb. Ona, "biz əlil işçi götürə bilmərik" – deyərək imtina ediblər. Aynurə də öz növbəsində toxuculuq öyrənmək istəyir, amma kurslara gedə bilməmək onun bu arzusunu da gözündə qoyub. Yardımsevər insanlar tərəfindən onlara iki ədəd motorlu əlil arabası verilsə də, akkumulyatoru yatdığından hər ikisi lazımsız əşya kimi qalıb. Akkumulyator tapmağın belə, gücləri və imkanları xaricində olduğunu deyirlər.
Şəkərli diabet xəstəsi olan ana Sənəm Quliyevanın isə bircə qorxusu var. O, "mənim başıma bir iş gələrsə, uşaqlarımın halı necə olacaq" - deyə fikirləşir.