Tovuz rayon Eyyublu kənd sakini Azər Paşayev müxtəlif texnikalara aid detallardan istifadə edərək qeyri-adi traktor hazırlayıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, cəmi 500 kq-dək çəkisi olan texnika vasitəsilə o, özündən dəfələrlə böyük və ağır olan yüklü "Kamaz" avtomobilini belə, darta bilir.
İxtiraçı hələ ad vermədiyi texnikasını düzəltmək üçün generator mühərrikindən, "Jiquli" və "QAZ-51" avtomobillərinin sürət qutusundan, "QAZ -21 Volqa"-nın reduktoru və müxtəlif traktor hissələrindən istifadə edib.
Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan Azər Paşayev texnikasından şum işləri, kartof çıxarmaq, yük daşmaq və digər təsərrüfat işlərində istifdə edir.
37 yaşlı ixtiraçı onun ərsəyə gəlməsinə, təxminən 2000-2500 manat vəsait xərclədiyini bildirir: “İdeyalarım var, dövlət dəstək verərsə, yaxud 10 min manat pulum olarsa, Yaponiya istehsalı olan ən güclü traktordan 10 qat daha qüvvəli bir texnika yığa bilərəm”.