BAKI, 21 dekabr — Sputnik. "Sputnik Azərbaycan" Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun keçirdiyi #YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyası uğurla davam edir. Dekabrın 21-nə olan göstəriciyə görə, artıq Talassemiya Mərkəzində müalicə alan uşaqların yarıya qədərinin arzuları yerinə yetirilib.
Bu ilki layihədə yaşı 18-dək olan 120 xəstə uşaq iştirak edir. Uşaqlar öz Yeni il arzularını xüsusi açıqcalara yazıblar və bu açıqcalar Sputnik Azərbaycan-ın "Gənclik Moll" (Ganjlik Mall) Ticarət Mərkəzindəki "Əli və Nino" kitab mağazasında quraşdırdığı #YolkaXeyirxahlıqAğacı layihəsinə məxsus Yeni İl yolkasını bəzəyir.
Biz yerinə yetirilmiş arzuların bir hissəsini təqdim edirik. Özəl Şaxta babanın adını bilmək üçün açıqcanın şəklinin üzərinə basmaq kifayətdir.
Xeyriyyə aksiyası davam edir! Arzu edən hər kəs "Gənclik Moll"da yerləşən "Əli və Nino" kitab mağazasına gələrək orada quraşdırılmış #YolkaXeyirxahlıqAğacı-nın yolkasındakı istənilən açıqcanı seçə və uşağın arzusunu yerinə yetirə bilər.
Hədiyyəni alıb mağazaya qoymaq, yaxud da "Sputnik Azərbaycan"ın redaksiyasına (Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, 4-cü mərtəbə) gətirmək kifayətdir.
#YolkaXeyirxahlıqAğacı aksiyası çərçivəsində toplanan bütün hədiyyələr Yeni İl bayramı ərəfəsində - dekabrın 27-də Talassemiya Mərkəzində müalicə alan uşaqlara təqdim ediləcək. Qeyd edək ki, istəyən şəxs hədiyyəni uşağa şəxsən də təqdim edə bilər. Bunun üçün redaksiyamızın telefonu ((+994 12) 404-13-86) vasitəsilə bizimlə əlaqə yarada bilərsiniz.
Bu aksiyaya sosial şəbəkələrdə dəstək versəniz, ağır qan xəstəsi olan nə qədər uşağı sevindirmiş olarsınız. Bunun üçün #YolkaXeyirxahlıqAğacı haştağını sosial şəbəkələrdə paylaşmanız yetərlidir!