Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Kaspi” qəzeti, “Kaspi” Təhsil Şirkəti, Azərbaycan Mətbuat Mərkəzi və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə görkəmli yazıçı-dramaturq Maqsud Şeyxzadənin 110 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə çıxış edən yazıçı-publisist, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva Azərbaycan və Özbəkistan ədəbi mədəni əlaqələrinin inkişafında Maqsud Şeyxzadənin rolundan danışıb.
O bildirib ki, iki ölkə arasında ədəbi əlaqələr ən yüksək səviyyədə davam etdirilir. “Hər iki ölkə yazarlarının əsərləri qarşılıqlı olaraq tərcümə olunur. Bu Maqsud Şeyxzadənin əsasını qoyduğu körpünün davamıdır. Noyabr ayında Azərbaycanın görkəmli dramaturqu Hüseyn Cavidin seçilmiş əsərlərindən ibarət kitab özbək dilinə tərcümə olunaraq oxuculara təqdim edildi. Biz bir daha özbək qardaş və bacılarımızın Azərbaycan ədəbiyyatına böyük marağının şahidi olduq. Maqsud Şeyxzadənin yaradıcılığı tədqiq olunmalıdır. Onun yaradıcılığı buna layiqdir”.
Qeyd edək ki, tədbirdə görkəmli mütəfəkkiriin həyatından bəhs edən “İki xalqın iftixarı” filmi təqdim olunub.
Sona Vəliyevanın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz