Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan
BAKI, 19 dekabr — Sputnik. Son sutka ərzində Bakıda onlarla şəxsi əmlakın oğurlanması faktı baş verib. Bu barədə Sputnik Azərbaycan-a paytaxtın hüquq-mühafizə orqanlarından məlumat verilib.
Belə ki, Bakıda "Koroğlu" metrostansiyasının ərazisindəki aptekdən külli miqdarda pul oğurlanıb. Aptekin 32 yaşlı sahibi Elvin Abuşov bildirib ki, kassadan 6 min manatdan yuxarı pul naməlum şəraitdə yoxa çıxıb. Hələlik faktla bağlı saxlanan yoxdur və oğurluqda iştirak edən adamın şəxsiyyəti müəyyənləşdirilir.
Binəqədi rayonu, Biləcəri qəsəbəsində naməlum şəxslər internet-klubdakı bütün texnikanı aparıblar. Obyektin sahibi, 30 yaşlı Vüsal Məhərrəmov səhər internet-kluba işə gəlib. O, pəncərənin dəmir barmağlığının qırıldığını görüb. Məhərrəmov içəri daxil olanda orada 45 manatın, 8 prosessorun, 14 monitorun və bir o qədər də klaviaturanın yoxa çıxdığının şahidi olub. Oğurluq faktının araşdırılması ilə Binəqədi RPİ-nin 6-cı polis bölməsinin əməkdaşları məşğul olur.
Ən böyük mənzil oğurluğu Suraxanı rayonunda qeydə alınıb. Cinayətin qurbanı Qaraçuxur qəsəbəsinin 56 yaşlı sakini Gülarə Nəbiyeva olub. RPİ-nin 32-ci polis bölməsinin əməkdaşlarının dediyinə görə, zərərçəkən onun mənzilindən 7 min manatın və 10 min ABŞ dollarının oğurlandığını bildirib.
Xətai rayon sakini, 33 yaşlı Səfurə Hüseynovanın mənzilindən isə naməlum şəxslər 7 min manatdan artıq pul və qızıl-zinət əşyalarını aparıblar. Elə həmin rayonun Gəncə prospektində oğrular 35 yaşlı İnqilab Məmmədovun mənzilinə daxil olaraq 10 min ABŞ dollarını və 6500 manatı aparıblar.
Bu faktların hamısı ilə bağlı araşdırma aparılır.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, ölkə üzrə əmlakın oğurlanması faktlarının sayı son 10 ildə nəzərəçarpacaq dərəcədə artıb. AR Daxili İşlər Nazirliyinin rəsmi statistikası da bunu təsdiqləyir. 2008 və 2018-ci illərdə baş verən əmlak oğurluğu ilə bağlı cinayətlərin göstəricilərinə nəzər salmaq kifayətdir.
Belə ki, 2008-ci ilin birinci yarısında Azərbaycanda əmlakın oğurlanmasına dair 2603 fakt qeydə alınıb. 2018-ci ildə isə bu göstərici analoji dövrə uyğun olaraq 5542 faktdan ibarətdir. Bu isə onu göstərir ki, son 10 il ərzində şəxsi əmlakın oğurlanmasına dair faktların sayı iki dəfədən çox artıb.