BAKI, 19 dekabr — Sputnik. Moskva inanır ki, yeni Ermənistan rəhbərliyi özündə cəsarət tapıb, ABŞ-ın təzyiqlərinə sinə gərə və müstəqil qərarlar qəbul edə biləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirinin müavini Qriqori Karasin "RİA Novosti"yə müsahibəsində bildirib.
"Bu il ölkədə baş verən radikal dəyişikliklər fonunda Vaşinqtonun Ermənistanın daxili və xarici siyasətinə müdaxiləsi getdikcə daha ifrat hal alır" – deyə Karasin qeyd edib.
O, qeyd edib ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Yerevana səfəri zamanı Ermənistanın Amerika silahları almasını və İrana qarşı sanksiyalara tez bir zamanda qoşulmasını istəyib: "Əgər bu ABŞ-Ermənistan münasibətlərinin görünən tərəfidirsə, gör, onda pərdə arxasında nə cür "sıxma-boğmaya" salırlar".