BAKI, 18 dekabr — Sputnik. Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya məhkəmə icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib.
Konstitusiya Məhkəməsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, iclasda R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 30 yanvar tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçinin və vəkilinin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Güldəniz Davidova və qeyrilərinin Rəhəd Şirinova qarşı fərdi yaşayış evinə köçürülmə tələbi barədə, R.Şirinovun G.Davidova və qeyrilərinə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənəvi zərərin ödənilməsi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 30 yanvar tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, 127-ci maddəsinin II, IV və VII hissələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı, 418.1-418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.