BAKI, 18 dekabr — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinin 2018-ci ilin yekununa dair hesabat təqdim olunub.
Sputnik Azərbaycan xəbər verir ki, Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bu il ərzində 41 rayondan olan 151 fermerə 10 milyon manat kreditin verildiyini deyib. Bildirib ki, ümumilikdə isə bu günədək 22 min fermerə 210 milyon kredit verilib.
M.Əliyev kredit ayrılan sahələr haqda da məlumat verib: "Kredit ayrılan sahələr arasında heyvandarlıq və bağçılıq ilk yerləri tutur. Dövlət xidmətinin kredit portfeli 10 bank, 11 bank olmayan kredit təşkilatı, 19 kredit ittifaqında yerləşdirilib. Dəyər zəncirinin formlaşdırılması məqsədi ilə fermer və sahibkarların təklif etdikləri 17 layihə təsdiqlənib".
O bildirib ki, Dövlət Xidməti tərəfindən görülən vacib işlərdən biri də brusellyoz xəstəliyinə qarşı mübarizədir: "Bu ilin dekabrın 1-inədək 401 min 435 iribuynuzlu, 1 milyon 477 min 350 xırdabuynuzlu heyvan peyvəndlənib. Məqsəd 3-4 il ərzində bu xəstəliyi, tamamilə, aradan qaldırmaqdır".
Dövlət Xidmətinin rəsmisi qeyd edib ki, son 20 ildə ilk dəfə olaraq Azərbaycan Dövlət Aqrar Universitetində "Bitki Mühafizəsi" ixtisasına tələbə qəbulu elan edilib: "Bundan başqa, Azərbaycan Dövlət Aqrar Universitetində tədris-təcrübə məqsədi ilə müasir tipli ferma kompleksinin tikintisinə dəstək verilir. Ötən il təhvil verilmiş 20 başlıq tövlə ilə yanaşı, 2018-ci ildə 30 başlıq bir ferma da tikilib. Kompleks yemdoğrayan avadanlıq, sağım aparatları ilə təchiz olunub, 20 baş cins inək alınıb. Artıq 4 Qarabağ atı alınıb və onlar üçün tövlə var".
Tədbir iştirakçısı Qadın İnkişaf Qruplarının yaradılmasından da söz açıb: "Qadınların səlahiyyətləndirilməsini və bizneslərini qurmasına təşviq məqsədi daşıyan bu fəaliyyət zamanı 7 rayonda 151 qadını özündə birləşdirən 12 qadın qrupu yaradılıb".
M.Əliyev onu da vurğulayıb ki, Ağdaş və Yevlax rayonlarında 125 kənddə 30 mindən artıq təsərrüfatın suvarma suyu ilə təmin edilməsi üçün ikinci və üçüncü dərəcəli xətlərin bərpası və tikintisi aparılıb.