Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 13 dekabr — Sputnik. "Özəl bölmədə çalışan fiziki şəxslərin gəlir vergisindən azad olması ilə bağlı 7 illik moratorium var. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışanların əksəriyyəti üçün vergi yükü azalacaq. Ona görə də işçinin 10% sığorta haqqı ödəməsinin mənfi nəticələri olmayacaq".
Bunu Sputnik Azərbaycan-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Vergi Məcəlləsinə edilən dəyişikliklərdən danışarkən deyib. O bildirib ki, faktiki olaraq fiziki şəxslərə aid olan bölmədə vergi yükü azaldılır.
"Amma mütləq hüquqi şəxslərə aid olan və ilk növbədə mənfəət vergisi ilə bağlı olan bölmədə də vergi yükünə yenidən baxılmalıdır. İqtisadiyyatın inkişafına investisiyalar yönəltmək üçün biznes mühitinə şərait yaratmasaq, onda biznes mühiti faktiki olaraq əldə etdiyi gəlirlərini, mənfəətini əmək haqqı fonduna yönəldərək dövriyyədən çıxa bilər. Ona görə də biz bu məsələyə çox ehtiyatlı yanaşmalıyıq" - ekspert vurğulayıb.
Onun sözlərinə görə, fiziki şəxslərin gəlir vergisi ilə yanaşı, ölkədə mənfəət vergisinin də azaldılmasına qərar verilməlidir: "Biz bunu mənfəətin investisiyalara, insan kapitalına yönləndirilməsi şəraitində etməliyik. Əgər sahibkar əldə etdiyi mənfəəti investisiyaya, insan kapitalına xərcləyirsə, o, hətta vergidən azad olunmağa qədər güzəştlərə sahib olmalıdır. Əks halda, vəsaitin iqtisadiyyatdan, dövriyyədən, investisiyadan uzaqlaşmasına şərait yarada bilərik".
"Digər tərəfdən, ümumilikdə ölkə iqtisadiyyatına çox lazım olan investisiyaların və dövriyyə vəsaitlərinin iqtisadiyyatdan çəkilməsinə şərait yarada bilərik. Buna qəti şəkildə yol vermək olmaz" – deyə E.Məmmədov əlavə edib.
İqtisadçı-ekspert Samir Əliyev isə Sputnik Azərbaycan-a bildirib ki, əvvəllər işçi 14 faiz vergi, 3 faiz sosial sığorta haqqı ödəyirdi. İndi işçi 14 faiz vergidən azad edilib, sosial sığorta haqqı isə 3 faizdən 10 faizə qaldırılıb: "Yəni istənilən halda işçi qabağa düşür. Amma ümumi məbləğ yenə sahibkardan çıxır. Sahibkar öz işçisinə hələ vergi uçotuna durmadan normal pul vermirdi, vergi uçotuna alınandan sonra nə qədər pul verəcək?!"
"Məsələn, bu, maliyyə və bank sektorunda çalışanların maaş gəlirlərinin artmasına gətirib çıxaracaq. Yəni maaş artmayacaq, qalacaq, amma vergi tutulan məbləğ az olduğuna görə işçiyə daha çox pul qalacaq. Bu, özəl bölməyə, qeyri-neft sahəsinə aiddir" - deyə Əliyev bildirib.
Qeyd edək ki, maliyyə naziri Samir Şərifov hökumətin öz qarşısına əhalinin güzəranına müsbət təsir edəcək bir neçə hədəf qoyduğu açıqlamasını verib: "Onların birincisi əməkhaqqı sisteminin şəffaflaşdırılması, leqallaşdırılmasıdır. Bu məqsədlə Vergi Məcəlləsinə inqilabi dəyişikliklər edilib".
"Xüsusi güzəştə görə, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan və əməkhaqqıları 8 min manatdan yuxarı olmayan vətəndaşlarımız gəlir vergisi ödəməyəcəklər. Eyni zamanda, Dövlət Sosial Müdafiə Fonduna da ayırmalar var. Məncə, bunu vergi hesab etmək düzgün olmaz" - nazir söyləyib.
"Çünki o adam pensiyaya çıxdıqda Dövlət Sosial Müdafiə Fondundan pul almaq hüququ qazanır. Amma sahibkarlar-işəgötürənlər buna onlardan gedən pul kimi baxırlar. Onların ümumi ödəniş yükü 35% azaldılır" – o, əlavə edib.
S.Şərifov qeyd edib ki, hökumətin qənaətincə, bu, əməkhaqqıların gizlədilməsinin qarşısını alacaq: "Bəzi sahibkarlar bunu gizlətmək istəyir və işçilər də bunu başa düşməyəndə onlar aşağı məbləğdə maaş alırlar və pensiyaya çıxanda az pensiya alırlar. Biz istəyirik ki, onlar Dövlət Sosial Müdafiə Fonduna layiqli ödənişlər etsinlər və yüksək pensiya alsınlar".