BAKI, 17 dekabr — Sputnik. Gürcü əsilli məşhur müğənni və bəstəkar Brendon Stoun özünün yeni "Radiostansiya" mahnısına çəkdirdiyi yeni klipini təqdim edib. Bu klipi azərbaycanlı rejissor Emin Muradov çəkib. Müğənni klipin təqdimatında Bakıda verəcəyi konserti anons edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə müğənni özü Instagram sosial şəbəkəsindəki hesabında bildirib. O, yeni çarxından bir parçanı hesabında yerləşdirərək Bakıdan olan çəkiliş qrupuna təşəkkür edib.
"Budur, mənim yeni "Radiostansiya" klipim. Klip üzrəində işləyən gözəl komandaya minnətdaram. Rejissor Emin Muradovdur" - Stoun yazıb.
Çarxın çəkilişləri Bakıda həyata keçirilib. Buna qədər isə Stoun "Stroptivaya" (İnadkar) mahnısının klipini də Azərbaycan paytaxtında çəkdirib.
Stoun onu da qeyd edib ki, yaxın vaxtlarda Bakıda konsert verəcək. Konsertin təşkilatçısı Zaur Əliyevdir.
1980-ci ildə Tbilisidə anadan olan Brendon Stoun müğənni, bəstəkar, pianoçu və prodüserdir. O, müxtəlif janr və istiqamətlərdə olan 250-dək yaradıcılıq nümunəsinin müəllifidir. Müğənni əsasən Almaniyada yaşayır. O, postsovet məkanında Rusiyanın 1-ci telekanalında keçirilən "Qolos" (Səs) vokal yarışında iştirak edəndən sonra məşhurlaşıb.