İlham Əhmədov, Sputnik Azərbaycan
BAKI, 16 dekabr — Sputnik. Oğuz rayonunun ən qədim tarixə malik olan məktəblərindən biri də Padar kənd tam orta məktəbidir. Məktəbin hazırda 261 şagirdi var.
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, 1883-cü ildən fəaliyyət göstərən məktəbin bu il 135 yaşı tamam olur. Məktəb ilk zamanlar ancaq ibtidai siniflər üçün fəaliyyət göstərib, 1953-cü ildə isə ilk orta təhsil buraxılışı olub və fəaliyyətini davam etdirib.
Qarabağ müharibəsi zaman məktəb iki şəhid verib və hazırda məktəb onlardan birinin adını daşıyır. 1974-81-ci tədris ilində məktəbdə 745 nəfər şagird təhsil alıb. Getdikcə isə bu göstərici azalıb və hazırda 16 sinif komplektində şagirdlər təhsil alır. Şagirdlərə 39 müəllim təhsil verir.
2015-ci ildə baş vermiş zəlzələ nəticəsində dağıldığına görə indi məktəbdə əsaslı təmir-bərpa işləri aparılır. Hazırda məktəb binasının fasadında işlər davam etdirilir. Bununla yanaşı məktəbin dam örtüyü də dəyişilərək, əsaslı təmir olunur. Məktəbdə olan bütün sinif otaqlarının döşəməsi yenilənəcək.
Məktəb binasının növbəti tədris ilində təhvil verilməsi nəzərdə tutulur.