BAKI, 13 dekabr — Sputnik. Hindistanda meditasiya etmək üçün meşəyə gedən rahibə bəbir hücum edib və onu öldürüb. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.
Hadisə Hindistanın Maharaştra ştatında baş verib. Belə ki, Rahul Valke adlı rahib ağac altında meditasiya etmək üçün yaxınlıqdakı meşəyə gedib. O, bəbirlərin qorunduğu Tadoba Milli Parkının ərazisinə keçib.
Valkenin qaldığı buddist məbədi də meşə ərazisində yerləşir, lakin rahib tək qalmaq üçün daha aralı bir yerə gedib.
Rahiblərdən biri bildirib ki, səhər saatlarında Valkeyə yemək gətirdiyi vaxt bəbirin ona hücum etdiyini görüb. O, kömək üçün geri qayıdıb, lakin o yenidən hadisə yerinə gəldikdə Valkenin artıq öldüyünü görüb.