BAKI, 16 dekabr - Sputnik. Yaponiya əhalisinin 53,2 faizinin qənaətinə görə, Baş nazir Şinzo Abenin rəhbərlik etdiyi hökumət Rusiya ilə danışıqlarda ilk növbədə diqqəti mübahisəli dörd adadan ikisinin qaytarılmasına yönəltməlidir. Qalan iki adanın statusu isə sonrakı məsləhətləşmələr zamanı müəyyən edilməlidir.
AZƏRTAC xəbər verir ki, bu, Kyodo agentliyinin keçirdiyi sorğunun nəticəsində məlum olub.
Eyni zamanda, respondentlərin 28,6 faizi “dörd adanın hamsının qaytarılması” tələbini dəstəklədiyini bildirib. Bundan əlavə 7,3 faizi bəyan edib ki, Yaponiyaya “yalnız iki adanın qaytarılması” da kifayət edər.
Sorğunun istirahət günlərində keçirildiyi bildirilsə də, rəyi soruşulanların ümumi sayı barədə məlumat verilmir.
Xatırladaq ki, noyabrın 14-də Sinqapurda Prezident Vladimir Putin ilə Baş nazir Şinzo Abe arasında yüksək səviyyəli görüş keçirilib. Görüşdən sonra Baş nazir bəyan edib ki, tərəflər sülh müqaviləsi üzrə danışıqların 1956-cı ildə qəbul edilmiş birgə sovet-Yaponiya bəyannaməsi əsasında aparılması barədə razılığa gəliblər.