BAKI, 14 dekabr — Sputnik. Bakıda Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci qlobal konfransı işə başlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, konfransda Azərbaycan parlamentinin sədri Oqtay Əsədov, gənclər və idman naziri Azad Rəhimov, Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barron, Parlamentlərarası İttifaqın Gənclər forumunun sədri Mourine Osoru və digər xarici qonaqlar iştirak edirlər.
Açılışda çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov dünya əhalisinin mühüm hissəsini təşkil edən gənclərin dayanıqlı inkişafa böyük töhfələr verdiyini söyləyib. Sədr bildirib ki, Azərbaycan dövlətinin apardığı siyasət nəticəsində gənclər cəmiyyətimizin aparıcı qüvvəsinə çevrilib. Azərbaycan gəncləri parlamentdə də önəmli mövqelərə malikdirlər.
Konfransdan öncə tədbir iştirakçıları Şəhidlər xiyabanını ziyarət edib, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər.
"Dayanıqlılığın təşviqi, gələcək nəsillərin maraqlarının müdafiəsi" mövzusunda keçirilən konfrans iki gün davam edəcək.