Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 14 dekabr — Sputnik. Bir aya yaxındır Fransada kütləvi etiraz aksiyası və iğtişaşlar yaşanır. Paytaxt Parisdə kütləvi etirazlar davam edərkən, dekabrın 11-də Strasburq şəhərində terror aktı törədildi.
Ölkədə vəziyyətin get-gedə gərginləşdiyi, qarşıdurmalar baş verdiyi bildirilir. Adətən belə hallar baş verən ölkələrdə turizm də zəifləyir. Həyatlarını təhlükəyə atmaq istəməyən turistlərin həmin ölkəyə marağı azalır.
Maraqlıdır, Fransada yaşanan son olaylar ölkənin turizminə də təsir edibmi? Daha dəqiq desək, Azərbaycandan Fransaya gedən turistlərin sayında azalma müşahidə olunurmu? Sputnik Azərbaycan-ın əməkdaşı yerli turizm şirkətlərindən bu suala cavab tapmağa, bu il Fransaya gedən turistlərin statistikasını öyrənməyə çalışıb. Əldə etdiyimiz məlumatlar çox ilginc olub.
"Travel Club"dan verilən açıqlamada bildirilib ki, bu il Fransaya yeni il qarşılamaq üçün bilet alan olmayıb: "Bilet çox baha olduğu üçün son zamanlar Fransaya gedən turistlərin sayı çox azdır. Gediş-dönüş bileti 1 nəfər üçün 1000 manat civarında olduğuna görə, turist belə ölkələrə yox, daha ucuz başa gələn ölkələrə üz tutur. Yeni ilə Fransa turu satmamışıq".
"Elegant Travel"dən də eyni cavab verilib: "Hələ ki Fransaya bilet alan olmayıb, bəlkə yaxın günlərdə oldu".
"Amore Travel"dən isə məlumat verilib ki, yeni ildə Fransaya getmək üçün bilet alan müştəriləri var: "Hətta bu günlərdə də 7-8 nəfər Fransaya göndərmişik. Heç bir müştəri bileti nə qaytarıb, nə də getməkdən imtina edib".
"Omega Turizm"dən verilən açıqlamada da Fransaya bu il marağın olmadığı, bilet satılmadığı bildirilib.
""CB"-Cənnət Bağı travel"dən də qeyd olunub ki, bu il Fransaya satış olmayıb.