Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 14 dekabr — Sputnik. Xəbər veridiyimiz kimi, Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası öz işinə başlayıb.
Sputnik Azərbaycan bildirir ki, iclasa sədrlik edən Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın QİDƏT-ə sədrlik etdiyi dövrdə regional əməkdaşlıq, xüsusilə nəqliyyat dəhlizləri məsələlərinə diqqət ayırdığını deyib.
"Əminəm ki, QİDƏT Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası əməkdaşlıq məsələlərini müzakirə etmək üçün çox gözəl imkan olacaq. Gündəliyimiz olduqca zəngindir. Biz təşkilatımızın effektliyinin artırılmasından tutmuş, enerji, tranzit, turizm, kənd təsərrüfatı kimi sahlərdə əməkdaşlıq məsələlərini müzakirə edəcəyik", - deyə Məmmədyarov qeyd edib.
Qeyd edək ki, bu ilin iyulun 1-dən QDİƏT-ə Azərbaycan sədrlik edir. Ölkənin təşkilata sədrliyi “Bağlantılar vasitəsilə ticarətin gücləndirilməsi” şüarı altında həyata keçirilib. Azərbaycanın QDİƏT-ə sədrliyi dekabrın 31-də başa çatacaq və sonra Bolqarıstana keçəcək.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Türkiyə Respublikasının təklifi ilə 1992-ci il iyunun 25-də İstanbul Bəyannaməsinin imzalanması ilə yaradılıb. Hazırda təşkilatın 12 ölkə - Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna təşkilatın üzvüdür. 14 dövlət və 4 təşkilat QDİƏT-də müşahidəçi statusuna malikdir.