BAKI, 13 dekabr — Sputnik. Əslən Borçalıdan olan bir qrup ziyalı tərəfindən gürcüstanlı soydaşlarımızın miqrasiya sahəsindəki problemlərinə həsr olunmuş tədbir keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə "Soydaş haqqında" Qanunun qəbul edilməsinin vacibliyi ictimailəşdirilib.
Qafqazşünas Kamran Ramazanlı çıxışında qeyd edib ki, Gürcüstandan Azərbaycan Respublikasına tələbələr, işləməyə gələnlər, Zviard Qamsaxurdiyanın hakimiyyəti zamanında öz dədə-baba yurdlarından qovulanlar, qarışıq nikahlı ailələr gəlir.
O qeyd edib ki, Azərbaycanda iş icazəsi almaq üçün rüsumlar çoxdur. Tibbi müayinələrdə də qiymətlər bahadır: "Gürcüstanda iş yerləri çox məhduddur. Soydaşlarımız iş üçün Türkiyəyə və Azərbaycana daha çox üz tuturlar. Rusiyaya gediş-gəliş məhduddur. Türkiyəyə və Azərbaycana iş dalınca gedənlərin ailələri Gürcüstanda qalır. Onlar iş müddətləri bitəndə geri qayıdırlar. Onlar Belarus və digər ölkələrə gedəndə həm geri qayıtmırlar, həm də ailələrində ciddi problemlər yaranır".
Ramazanlının sözlərinə görə, Gürcüstanda 500 minə yaxın soydaşımız yaşayır. Təxminən o qədər də Borçalı əsilli vətəndaşlar Azərbaycanda yaşayırlar: "Hər bir ailənin, heç olmasa, bir üzvü Azərbaycandadır. Elə ahıl insanlar var ki onların övladları Azərbaycanda yaşayır və işləyirlər. Ahıl və ahıl yaşda xəstə insanlara orada diqqət və qayğı göstərən olmadığından onlar məcburiyyətdən Azərbaycana öz övladlarının yanına gəlməyə məcbur olurlar. Onların da qeydiyyatından bir gün keçsə, 300- 400 manat cərimə ödəməlidirlər".
Daha sonra tədbirdə çıxış edən qonaqlar təklif ediblər ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ziyalılar və QHT-lərlə birgə ictimai dinləmə keçirsin, Miqrasiya Xidməti Azərbaycan Respublikasının Milli Məclisi ilə birgə problemlərin tam aradan qaldırılması üçün “Soydaş haqqında” Qanunun qəbulunda iştirak və yardım etsin.