BAKI, 13 dekabr — Sputnik. ABŞ Çinə qarşı bütünlüklə müharibəyə başlama ərəfəsindədir. Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, ABŞ mediası həqiqi müharibənin başlamaq üzrə olduğunu və Vaşinqton-Pekin arasında ticarət müharibəsinin bunun yalnız bir hissəsi olduğunu yazıb.
Bu çərçivədə ilk həmlənin ABŞ Ədliyyə Nazirliyindən gələcəyi deyilir.
Vaşinqtonun hədəfində prioritet qurum isə Çinin kəşfiyyat və təhlükəsizlik təşkilatı olan Dövlət Təhlükəsizlik Nazirliyidir.
ABŞ hökuməti Çini iqtisadi və kiber casusluqda ittiham etməyə hazırlaşır. ABŞ hökuməti Pekinə qarşı ABŞ ticarət sirlərini və həssas texnologiyasını oğurlama, hökumət və özəl şirkətlərə məxsus kompüterlərdə həssas məlumatları əldə etmə kimi ittihamlar yönəldəcək.
Yaxın zamanda ABŞ hökumətinin Çinin 2014-cü ilədək amerikalı yüksək səviyyəli hökumət və işgüzar insanları hədəf alan kəşfiyyat hesabatlarını da açıqlayacağı deyilir.
Qeyd edək ki, ABŞ-da "Marriott" otelinin də çinli hakerlər tərəfindən hədəfə alındığı iddia edilib. Amerika mediasında çıxan xəbərlərə görə, Çin Dövlət Təhlükəsizlik Nazirliyinə bağlı hakerlər məşhur mehmanxananın məlumat bazasında qeydiyyatda olan 500 milyon insanın məlumatlarını əldə edib. Çinli hakerlərin sağlamlıq sığortası və təhlükəsizlik məlumatlarını da əldə etdiyi bildirilir.