BAKI, 13 dekabr — Sputnik. "Türkiyənin Suriyanın şimal-şərqində birtərəfli qaydada fəaliyyəti yolverilməzdir və ciddi narahatlıq doğurur". Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Şon Robertson bəyanatla çıxış edib.
"Suriyanın şimal şərqində istənilən tərəfin birtərəfli qaydada hərbi əməliyyat keçirməsi, xüsusilə də ABŞ hərbçilərinin bu zonada olması ehtimalı nəzərə alınmaqla ciddi narahatlıq doğurur. Biz belə bir addımın yolverilməz olduğunu düşünürük" - deyə Robertson bildirib.
Pentaqon, əlavə edib ki, Vaşinqton Türkiyənin Suriya ilə sərhəddə təhlükəsizliyini təmin etmək ehtiyacını tanıyır.
Qeyd edək ki, ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk ordusunun yaxın günlərdə Fərat çayının şərqində yerləşən kürd özünümüdafiə dəstələrinə qarşı əməliyyata başlamaq niyyətində olduğunu bəyan edib.
"Biz Fərat çayından şərqdə Suriyanın digər regionlarında olduğu kimi insanlara sülh və sabitlik gətirmək niyyətindəyik. Biz heç vaxt ABŞ və onun ordusuna qarşı olmamışıq, onlar həmişə bizim strateji tərəfdaşımızdır. Bizim Suriya ilə bağlı fikir ayrılıqlarımız əlaqələrimizin inkişafına təsir etməməlidir" - deyə Ərdoğan qeyd edib.
O bildirib ki, Türkiyə tərəfi baş verəcək əməliyyatla bağlı Birləşmiş Ştatları məlumatlandırıb.