CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hər an başlarına aşa biləcək evdə insanların necə yaşadığını izləyin

Abunə olmaq
Nərimanov rayonu Mayakovski 8/9 ünvanında yerləşən yataqxananın sakinləri bərbad vəziyyətdə yaşamağın nə olduğunu yaxşı bilirlər. Sputnik Azərbaycan-ın müxbiri ürək ağrısı ilə bu acınacaqlı kadrları lentə alıb.

Yataqxana 1983-cü ildə o zamankı Maddi-texniki təchizat üzrə Dövlət Komitəsi tərəfindən subay işçilərə verilib. O vaxtlar "subaylar yataqxanası" kimi tanınan binanın sakinləri ailə həyatı qurduqdan sonra da orada yaşamağa davam ediblər. Aradan 35 ildən çox vaxt keçməsinə baxmayaraq, onlar hələ də burada yaşayırlar. Əgər buna yaşamaq demək mümkündürsə...

1993-cü ildə isə yataqxanaya Fizuli və Ağdam rayonlarından olan məcburi köçkünlər də yerləşdirilib. Binada hazırda 65-dən çox ailə yaşayır. Onlardan 20-si köhnədən yaşayanlardır, qalanlar isə sonradan gələnlər.

Yataqxana sakinləri deyirlər ki, bir ay öncə yataqxanada olan məcburi köçkün ailələri köçürülüb. Onların yaşadığı mənzillərin isə qapı-pəncərələri çıxarılıb, otaqlar acınacaqlı vəziyyətə gətirilib, xarabalığa çevrilib.

FHN-nin aktında isə qeyd edilir ki, "Binada məskunlaşan sakinlərin şəraiti hazırkı normativ tələblərə cavab vermir. Sonuncu texniki baxışdan keçən müddət ərzində binanın damında, mərtəbələr arası örtüklərdə, binanın sağ tərəfi xarici və daxili divarlarında fəsadlar artıb. Yataqxana binasının mövcud texniki vəziyyəti qəzalı kimi qiymətləndirilir. Bununla əlaqədar olaraq, aşağıdakı təxirəsalınmaz tədbirlər görülməlidir. Binaya daxil olan kommunikasiya xətlərinin fəaliyyəti dayandırılmalı, binanın ətrafı çəpərlənməli, binaya giriş qadağan edilməli və digər lazımı tədbirlər görülməlidir".

Xatırladaq ki, bu akt 2016-cı ildə Fövqəladə Hallar Nazirliyi tərəfindən hazırlanıb. Akta görə, bina iki ildir ki, qəzalı vəziyyətdədir və istənilən an bədbəxt hadisə baş verə bilər.

Xəbər lenti
0