BAKI, 12 dekabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2018-ci ilin 11 ayında ötən ilin müvafiq dövrünə nisbətən 9,1 faiz çox olmaqla 50211 işsiz və işaxtaran şəxs işlə təmin edilib. Bu barədə Sputnik Azərbaycan-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Nazirlik tərəfindən icra olunan özünüməşğulluq proqramına cari ildə 7,3 minədək şəxs cəlb olunub. Onlardan bu günədək artıq 2,7 min şəxsə proqram çərçivəsində mal və materiallar verilərək kiçik ailə təsərrüfatları yaradılıb.
İşçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması məqsədilə işsiz və işaxtaran şəxslər üçün peşə hazırlığı kurslarının təşkili işləri də davam etdirilib. Bu ilin yanvar-noyabr aylarında nazirliyin xətti ilə 2704 nəfər (o cümlədən Dövlət Məşğulluq Xidməti tərəfindən 2468 nəfər, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən 236 nəfər) peşə hazırlığı kurslarına cəlb edilib.
Kurslarda əmək bazarının tələblərinə uyğun peşələr öyrədilib və kursları bitirən şəxslərə peşə şəhadətnamələri verilib.