BAKI, 11 dekabr — Sputnik. Bakıda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və 1 Yanvar Yeni il bayramı münasibəti ilə bayram yarmarkalarına start verilib. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən məlumat verilib.
Məlumata görə, hər il olduğu kimi bu il də bayram yarmarkaları ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Polis İdarəsi tərəfindən dislokasiya təsdiq edilib. Dislokasiyaya görə, bayram yarmarkaları, əsasən, şəhərdə, metrostansiyaların qarşısında quraşdırılıb.
Hazırda Nəsimi rayon ərazisində 6, Nərimanov rayonu ərazisində 5, Yasamal rayonu ərazisində 3, Binəqədi rayonunda 2, Nizami rayonunda 6, Xətai rayonunda 1 olmaqla, ümumilikdə 12 ərazidə 23 bayram çadırı qurulub.
Bayram yarmarkaları 2019-cu il yanvarın 3-nə qədər davam edəcək. Çadırlarda, əsasən, yeni il hədiyyələri və meyvə-tərəvəz məhsulları satılır.
Qeyd olunub ki, yarmarkaların təşkil edilməsində əsas məqsəd bayram ərəfəsində küçələrdə pərakəndə satışın qarşını almaq və bazar qiymətlərinə nisbətən ucuz məhsullar təqdim etməkdir.
Bayram çadırlarının paytaxtın digər metrostansiyalarının qarşısında da quraşdırılması gözlənilir.
Xatırladaq ki, BŞİH-i tərəfindən ötən il 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və 1 Yanvar Yeni il bayramı münasibəti ilə paytaxtda 13 bayram çadırı qurulmuşdu.