BAKI, 7 dekabr — Sputnik. Xəbər verdiyimiz kimi, səhər saat 7 radələrində Qobu qəsəbəsindən şəhər istiqamətində 217 nömrəli məktəbin şagirdlərini aparan xidməti avtobus qəzaya düşüb.
Məsələ ilə bağlı Bakı Şəhər Baş Təhsil İdarəsinin əməkdaşları baş verən hadisə ilə əlaqədar olaraq şagirdlərin yerləşdirildiyi 1 saylı Respublika Kliniki Tibbi Mərkəzində olublar. Bu haqda Sputnik Azərbaycan-a açıqlamasında Bakı şəhər Baş Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov deyib. Onun sözlərinə görə, idarənin əməkdaşları xəsarət alanların vəziyyəti ilə maraqlanıblar. B.Məmmədov aparılan araşdırmaların nəticələrinə uyğun olaraq əlavə məlumatın veriləcəyini də qeyd edib.
Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda 4 şagirdin xəsarət aldığı deyilib. Nazirlikdən verilən məlumatda xəsarət alan şagirdlərdən ikisinin azyaşlı olduğu bildirilib.