BAKI, 7 dekabr — Sputnik. Ayrı-ayrı kateqoriyadan olan şəxslərin dəfninin xüsusiyyətləri təsdiq edilib. Sputnik Azərbaycan Nazirlər Kabinetinə (NK) istinadla xəbər verir ki, bu barədə baş nazir Novruz Məmmədov tərəfindən "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları" nın təsdiq edilməsi barədə verilən qərarda qeyd edilib.
Qərara görə, kimsəsiz şəxslərin, terror aktının iştirakçılarının və ondan zərər çəkən naməlum şəxslərin, qanunsuz miqrantların dəfn edilməsi xərcləri bələdiyyələr tərəfindən həyata keçirilir. Terrorçuların cənazələri verilmir və dəfn yeri açıqlanmır.
Azadlıqdan məhrumetmə yerlərində və ya sosial xidmət müəssisələrində ölən şəxslərin cənazəsi bu Qaydaların tələbləri gözlənilməklə, onların qohumlarına, qanuni nümayəndələrinə və ya onları dəfn edəcək digər şəxslərə verilir. Meyit sahibsiz olduqda, azadlıqdan məhrumetmə yerinin rəisi və ya sosial xidmət müəssisəsinin müdiriyyəti cənazənin dəfninin bələdiyyələrin vəsaiti hesabına təmin edilməsi üçün həmin əraziyə yaxın olan qəbiristanlığın aid edildiyi bələdiyyəyə müraciət edir.
Tibb müəssisəsində ölmüş şəxsin meyitinin məhkəmə tibb və ya patoloji anatomik müayinəsi üçün göstəriş olmadıqda, cənazə həmin tibb müəssisəsi tərəfindən ölmüş şəxsin qohumlarına, qanuni nümayəndələrinə və ya onu dəfn edəcək digər şəxslərə verilir. Meyit sahibsiz olduqda, tibb müəssisəsi cənazənin dəfninin bələdiyyələrin vəsaiti hesabına təmin edilməsi üçün həmin əraziyə yaxın olan qəbiristanlığın aid edildiyi bələdiyyəyə müraciət edir.