BAKI, 7 dekabr — Sputnik. Ermənistan Hərbi Prokurorluğu ölkənin Müdafiə Nazirliyi sistemində mümkün sui-istifadə hallarına dair yeni hallar aşkarlayıb. Bu barədə Sputnik Ermənistan ölkənin Baş Prokurorluğuna istinadən xəbər verir.
Qeyd d olunur ki, Ermənistan Baş Prokurorluğu dövlət maraqlarının qorunması üzrə şöbəsi Müdafiə Nazirliyində yoxlamalar aparıb. Yoxlamalar nəticəsində məlum olub ki, Müdafiə Nazirliyi və təchizatçı təşkilatlarla bağlanan müxtəlif müqavilələr əsasında təxminən 700 milyon dram dəyərində hesablaşmalar həyata keçirilməyib.
Belə ki, ümumi məbləği 1 milyard 317 milyon dəyərində olan 4 müqavilə əsasında Nazirlik 620 milyon dramdan çox ilkin ödəniş edib. Ayrı-ayrı hallarda avans ümumi məbləğin 100%-ni təşkil edib. Lakin məlum olub ki, təxminən 230 milyon dram dəyərində müqavilə həyata keçirilməyib.
Bütün təşkilatlar qanun pozuntuları barədə məlumatlandırıb.
Prokurorluğunun qənaətincə Müdafiə Nazirliyinin rəhbər şəxsləri qanunu pozan şirkətlərlə müqavilənin dayandırılması üçün lazımi tədbirlər görməyib.
Toplanan bütün faktlar materialların hazırlanması üçün Ermənistan İstintaq Komitəsinə yönləndirilib.