BAKI, 6 dekabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin orta və uzaq mənzilli raketlərin məhv edilməsi barədə razılaşmanın Rusiya tərəfindən pozulmasına dair bir sübutun olmadığını açıqlayıb.
Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Putin jurnalistlərin ABŞ-ın Rusiyanı sözügedən razılaşmanı pozmaqda ittiham etməsi ilə bağlı suallarını cavablandırıb.
"İlk öncə ABŞ bu razılaşmadan çıxacağını açıqladı, sonra bunu üçün əsaslar axtarmağa başladı. Əsas səbəb kimi də Rusiya tərəfindən bu müqavilənin pozulmasını göstərdi. Ancaq hər zaman olduğu kimi, bizim tərəfimizdən bu müqavilənin pozulmasına dair bir dəlil göstərilmir" – deyə Putin bildirib.
Putin vurğulayıb ki, Rusiya bu müqavilənin pozulmasına qarşıdır və əgər bu müqavilə pozularsa, uyğun bir şəkildə buna cavab verəcəklər.
Qeyd edək ki, ABŞ dövlət katibi Mayk Pompeo müqavilənin öhdəliklərini yerinə yetirməsi üçün Rusiyaya 60 gün möhlət verdiklərini bildirib: "Rusiya silahlara nəzarət öhdəliyi ilə bağlı hiylə edir. ABŞ üçün müqavilədə qalmağın bir mənası qalmayıb".