BAKI, 6 dekabr — Sputnik. "Ulu öndərin qərarı ilə nazir postuna təyin edildim. Bu təyinat mənim üçün gözlənilməz idi. Təbii ki, bu məqamda nizam-intizam da göstərmək lazımdır. Qaldı ki, nazir olmağın müsbət tərəflərinə, öz payıma danışacam. Çünki hər kəs öz həyatını yaşayır. Ola bilsin ki, nazir vəzifəsi kimlər üçünsə cazibədardır. Buna əlçatmaz arzu kimi yanaşanlar da çoxdur, haqqında mənfi obraz yaradanlar da az deyil. Onu deyə bilərəm ki, stresslə dolu həyatdır".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov modern.az-a müsahibəsində açıqlama verib. O, qeyd edib ki, səhhətində problemlər yarandığı üçün ölkə rəhbərinə müraciət edib: "Cənab Prezident də məsələyə həssas yanaşdı. Buna görə ona dünya qədər minnətdaram. Cənab Prezidentin köməkçisi məni yeni nazirin təqdimatına dəvət etdi, nazirliyin ünvanına ölkə rəhbərliyinin adından xoş sözlər dedi. Mənə də söz verdi, ölkə rəhbərliyinə öz təşəkkürümü bildirdim, yeni nazirə uğurlar arzu etdim və sivil bir şəkildə kollektivlə vidalaşıb, getdim. Bu gün də səhhətimlə məşğulam. Deyəsən, sualınıza bir qədər uzun cavab verdim".
Eks nazir işdən azad edilən məmurların sonradan biznes şəbəkəsinin mətbuata çıxarılması məsələsi ilə bağlı sualı da cabalandırıb: "Buradakı münasibətdə əlavə tənzimləyici, dəqiqləşdirici məqamlar çoxalmalıdır. İllər boyu hansısa şəxs qanuni yollarla, əziyyətlə iş yaradır, vergisini ödəyir. Bir zaman onu dövlət işinə cəlb edirlər və o da vicdanla çalışır. Daha sonra ümumi dəryazla mətbuat, cəmiyyət onu da biçir. Bəzən ömründə vergi verməyən, yaxud da az vergi verən adamlar yüksək vergilərlə cəmiyyətin inşaatına dəstək verən, öz təşəbbüskarlığı ilə yaxşı işlər görən insanları da incidirlər. Halbuki, həmin insanların nə qədər vergi ödədiyi ilə maraqlanmırlar. Bu məqamlarda aydınlıq olmalı, cəmiyyət yetkinləşməlidir. Özümüzə kənardan baxmağı bacarmalıyıq".
Bağırov bildirib ki, Azərbaycan tarixi baxımdan yol ayrıcında yerləşir: "Cənubdan-şimala, şimaldan-cənuba, şərqdən-qərbə, qərbdən-şərqə insanların tarixən axın etdiyi yol üstündə yerləşib. Hind-avropalılar, ərəblər və başqaları öz işğal siyasətini, ideologiyasını tətbiq etməyə çalışıblar. Fikir vermisiniz: ən ucqar kəndlərdə evlərin içi həmişə təmiz saxlanılır. Amma ən ucqar kənddə belə, evdən çölə çıxanda məişət tullantılarının qalaq-qalaq yığıldığının şahidi olacaqsınız. Bu hal indi də müşahidə olunur".
"Bir növ insanlarda belə təsəvvür var ki, içəri mənimdir, çöl özgənin. Ola bilsin ki, bu, çoxsaylı işğallara öyrəşməkdən irəli gəlir. Çölün özgənin nəzarətində olduğunu düşünüb, passiv bir mövqe sərgiləyirlər. Bəzən qanunlara da riayət olunmur. Ölkələr var ki, qanunun icra olunması üçün dövlət ciddi səy və güc tətbiq etmir. İnsanlar könüllü şəkildə buna riayət edirlər. Düzün və əyrinin aydın və hamı tərəfindən qəbul edilən meyarı mövcuddur və hamı hər kəsi bu aydın meyarla dəyərləndirir. Bizdə vəziyyət bir az daha mürəkkəbdir. Dediyim odur ki, kiminsə biznesi varsa, bu, ona qarşı nifrət üçün əsas olmamalıdır. Təbii ki, əgər o, bu işi qanunlara hörmətlə, öz zəhməti bahasına və ictimai vəzifələrdən sui-istifadə etmədən görübsə" - deyə keçmiş nazir əlavə edib.