BAKI, 5 dekabr — Sputnik. Məşhur azərbaycanlı ifaçı Zamiq Hüseynov reper Elşad Xose ilə duetdə oxuduğu "Özü bilər" mahnısına yeni klip çəkdirib. Klipdə o, ilk dəfə olaraq zərif cinsdən olan gözəl tərəf müqabilindən imtina edib və qeyri-adi obrazda ortaya çıxıb.
Hüseynov Sputnik Azərbaycan-a bildirib ki, çarxın üzərində böyük çəkiliş qrupu işləyib. Layihənin rejissoru özünü bu sahədə ilk dəfə olaraq sınamaq istəyən Şahin Qurbanov, prodüseri isə Azər Kərimovdur. Hüseynov klipdə küçə musiqiçisi, Xose isə sürücü obrazını canlandırıb.
"Mənim şəkillərimə baxan hər kəs elə təsəvvür edirdi ki, mən orada səfil obrazını yaratmışam. Lakin orada küçə musiqiçisi obrazında idim. Küçə musiqiçiləri çox ölkədə var və hətta onların çoxu öz albomlarını buraxıblar. Ola bilsin, mənim obrazım o qədər də xoşagələn deyil. Geyim musiqiçi üçün bir o qədər də önəm daşımır, çünki o, musiqi ilə yaşayır. Baxmayaraq ki, mənim qəhrəmanım səfil kimi görünür, amma o, güzgüyə baxanda özünü gözəl və Zamiq kimi stillə geyinmiş şəkildə görür" - müğənni bildirib.
O, etiraf edib ki, bundan sonra özünü müxtəlif obrazlarda sınayacaq. Klipin çəkilişləri iki gün olub. Müğənni nəticədən razı qalıb və əmindir ki, klip də, mahnı da tamaşaçıların ürəyincə olacaq.