Kəmalə Əliyeva, Sputnik Azərbaycan
BAKI, 3 dekabr — Sputnik. Məşhur azərbaycanlı müğənni Nura Suri özünün yeni "Getmə" mahnısına çəkdirdiyi klipi təqdim edib. Klipdə müğənni psixi xəstəyə aşiq olur və bu, onun həyatını dəyişir.
Sputnik Azərbaycan-ın məlumatına görə, müğənninin keçirdiyi mətbuat konfransına təkcə jurnalistlər deyil, onun dostları və həmkarları da toplaşıb.
"Mahnının sözlərinin müəllifi mən və Zülfi Bədəlovdur. Musiqisi isə mənə və Əvəz Muradova aiddir. Klip bir günə çəkilib. Onun çəkilişi üçün mənə beş yeni kostyum tikilib. Çəkilişlər müxtəlif yerlərdə aparılıb" - Suri deyib.
Çəkilişlərdə 15 nəfər iştirak edib. Klipin rejissoru Nuran Məmmədovdur. Eyni zamanda, müğənninin obrazı üzərində stilist Elnur Həsənov işləyib. Çarxda Suri psixi xəstəni sevən qadın obrazını yaradıb. Orada yataq səhnələri də yer alıb.
Xatırladaq ki, bu yaxınlarda Suri "Sevgi romanı" mahnısına çəkilmiş digər klipini də təqdim etmişdi. O klipin rejissoru Natiq Muxtarov idi.
Qeyd edək ki, Nura Suri Azərbaycan estradasının tanınan isimlərindən biridir. Müğənni vaxtının əksər hissəsinin öz uşaqlarına həsr edir.