BAKI, 3 dekabr — Sputnik. "Kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə əri tərəfindən başı qırxılan gənc qadınla bağlı məlum video yayıldıqdan sonra araşdırma aparılaraq onların şəxsiyyəti müəyyən olunub". Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə məlumat verib.
O qeyd edib ki, kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə əri tərəfindən başı qırxılan gənc qadınla bağlı məlum video yayıldıqdan sonra araşdırma aparılaraq onların şəxsiyyəti müəyyən olunub: "Qadının anası, Mingəçevir şəhər sakini olan X.Malışova dekabrın 1-də ŞPŞ-yə ərizə ilə müraciət edərək onun ailəsinin və qızının şərəf və ləyaqətinin alçaldıldığını, şəxsi həyatının toxunulmazlığının pozulduğunu bildirib, bu məsələdə günahkar şəxslərin cəzalandırılmasını xahiş edib".
O.Mansurzadənin sözlərinə görə, araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhərində anadan olmuş, hazırda Rusiya Federasiyasının vətəndaşı olan E.Həsənovla 2013-cü ilin aprel ayında ailə həyatı quran qadın iki il yarım müddətində həyat yoldaşı və sonuncunun ailə üzvləri ilə birlikdə Rusiyanın Stavropol vilayətinin Kislovodsk şəhərində yaşayıb.
"Lakin 2015-ci ilin oktyabrında həyat yoldaşı ilə münasibətlərində problem yarandığına görə o, anasının yanına qayıdaraq 4 yaşlı övladı ilə birlikdə yaşamağa başlayıb. Bu ilin sentyabrında ərinin valideynlərini qaynanası və qaynatası gəlinlərini yenidən Rusiya Federasiyasına aparsalar da, həmin ayın sonlarında həyat yoldaşının şübhələri və qısqanclığı səbəbindən yenidən narazılıq yaranıb və E.Həsənov Kislovodsk şəhərindəki yaşadıqları ünvanda anasının və böyük qardaşının köməkliyi ilə qadınnın saçını qırxaraq bunu videoçəkilişlə qeydə alıb" - deyə Mansurzadə qeyd edib.
O bildirib ki, hazırda Mingəçevir Şəhər Polis Şöbəsində məsələ ilə bağlı araşdırma aparılır və nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.